Yuxarı

Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı Koordinasiya Komissiyasının iclası keçirilib

Bakıda Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı iclas keçirildi

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalına hazırlıqla bağlı görülmüş işlərə nəzər salmaq və gələcək addımları müzakirə etmək məqsədi ilə Koordinasiya Komissiyasının texniki görüşü keçirilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə gənclər və idman naziri, “Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov və Avropa Olimpiya Komitəsi Koordinasiya Komissiyasının sədri Corce Vişaçki, digər nümayəndələr iştirak ediblər.

Artıq iki gündür Bakıda səfərdə olan qonaqlar Azərbaycan hökuməti tərəfdən Avropa Olimpiya Gənclər Festivalına hazırlıq istiqamətində görülmüş işlərin yüksək səviyyədə olduqlarını bildirib, gələcək addımlarla bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda Bakıda olduqları müddətdə qonaqlar Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Milli Antidopinq Agentliyi və yarışların keçiriləcəyi bir sıra idman arenalarında olublar.

Görüş çərçivəsində akkreditasiya prosesi, yarış cədvəlinə uyğun olaraq idmançıların idman arenalarına zamanında aparılıb gətirilmələri, nəqliyyat, təhlükəsizlik, dopinq yoxlamaları və yarışa dair digər mühüm əhəmiyyət kəsb edən mövzular müzakirə edilib.

Qeyd edək ki, Avropa Olimpiya Gənclər Festivalının açılış mərasimi iyulun 21-də gerçəkləşəcək. Bu günə qədər 49 Avropa Olimpiya Komitəsinin nümayəndə heyətinin rəhbəri (Chef de Mission) yarışa gələcəklərinə dair təsdiq veriblər. Ümumilikdə, festivala 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyətinin qatılacağı gözlənilir. İyulun 28-dək 12 arenada 10 növ (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) üzrə keçiriləcək yarışlara, ümumilikdə, 2500-dən çox könüllü cəlb olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi