Yuxarı

Azərbaycanın voleybol millisi Ukrayna yığmasına qalib gəlib

Azərbaycanın voleybol millisi Ukrayna yığmasına qalib gəlib
Rəqib üçüncü setdə ciddi müqavimət göstərib

Bakı. 31 may. REPORT.AZ/ Voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunda bu gün II turun görüşləri keçirilir. 

"Report"un məlumatına görə, Azərbaycan milli komandası Ukrayna ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. İlk 2 seti 25:17 hesablı üstünlüklə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu komanda üçüncü setdə ciddi müqavimətlə üzləşsə də, meydanı qalib tərk edib - 25:21.

Qeyd edək ki, bu görüşəcək hər iki komanda ilk turu qələbə ilə başa vurub. Azərbaycan Norveçi, Ukrayna İsraili yenmişdi - 3:0. Ukrayna üzərində qələbə Azərbaycanın qrup qalibi kimi dünya çempionatına vəsiqə şanslarını daha da artırıb. Bu yolda əsas maneə olan Hollandiya millisi də ilk 2 turu qələbə ilə başa vurub. "Narıncılar" əvvəlcə Danimarkanı, ardından Norveçi yenib - 3:0. Tura İsrail - Danimarka matçı ilə yekun vurulacaq.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

II tur

15:00. Hollandiya – Norveç - 3:0 (25:11, 25:14, 25:13)

Hakimlər: Saşa Stanisiç (İsveçrə), Mixail Temelis (Yunanıstan)

17:30. Ukrayna – Azərbaycan - 0:3 (17:25, 17:25, 21:25)

Hakimlər: Roberto Boris (İtaliya), Bruno Muxa (Xorvatiya)

Qeyd edək ki, III turda Norveç - Ukrayna, Azərbaycan - Danimarka, İsrail - Hollandiya görüşləri keçiriləcək. Hər 3 oyun iyunun 1-də olacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi