Bakı. 30 may. REPORT.AZ/ Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının son təsnifat mərhələsində Slovakiya yığması ilə cavab görüşünə çıxacaq. "Report"un məlumatına görə, Levitse şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Oyunun hakimləri serbiyalı Aleksandr Petroviçlə sloveniyalı David Qril olacaq. Bu komandalar arasındakı ilk görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlib. Ona görə də baş məşqçi Aleksandr Çervyakovun komandasına 2:3 hesablı məğlubiyyət də sərfəlidir. Qonaq komanda 0:3 və ya 1:3 hesabı ilə uduzacağı halda, cütün qalibi "tay-breyk"də müəyyənləşəcək.
Görüş öncəsi Slovakiya yığmasının üzvləri iddialı açıqlamalar veriblər. Baş məşqçi Marek Royko Bakıdakı ilk matçı analiz etdiklərini və hücumda cəsarətli olmalarının gərəkliyini bildirib: "İlk oyunda 3 setdə uduzduq, amma bunların 2-də qələbəyə yaxın idik. Ona görə də cavab görüşündə şanslı olduğumuzu hiss edirik. Hücumda cəsarətli olsaq, mərhələ keçə bilərik. Komandam hazırdır. Bütün oyunçular matça ciddi yanaşırlar və biz cavab görüşünü səbirsizliklə gözləyirik".
Meydan sahibləri oyuna bir əvəzləmə ilə çıxacaqlar. Spiker Miroslava Kiyakovanı orta blokçu Nina Herelova əvəzləyəcək.
"Biz sərt olmaq niyyətindəyik və özümüzə inanırıq. Hədəfimiz finala vəsiqədir. Bakıda buraxdığımız səhvlərdən nəticə çıxarmalı və sonadək vuruşmalıyıq. Bizimlə birgə olacaq azarkeş dəstəyinə də ümid etməliyik". Bu sözləri isə digər spiker Dominika Drobnakova deyib.
Qeyd edək ki, cütün qalibi 26 sentyabrdan 4 oktyabradək Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq. Azərbaycan yığması bu vəzifənin öhdəsindən gəlsə, 6-cı dəfə final mərhələsində çıxış edəcək. Slovakiya isə ələ düşən şansından 4-cü dəfə yararlanmaq niyyətindədir.