Yuxarı

Azərbaycan millisinin voleybolçuları Almaniya üzərində qələbədən danışıblar

Azərbaycan millisinin voleybolçuları Almaniya üzərində qələbədən danışıblar
Almaniya yaxşı voleybol sərgilədi. Amma onlar bizi dayandıra bilmədilər

Bakı. 29 sentyabr. REPORT.AZ/ "İlk setin əvvəllərində çoxlu səhvə yol verdik. Lakin belə pis başlanğıcdan sonra özümüzə gəldik və ən yaxşı oyunumuzu ortaya qoyduq. Avropa çempionatında medal arzumuzu yerinə yetirmək üçün bizə qələbə lazım idi".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova qadınlar arasında Avropa çempionatında Almaniya yığması üzərində 3:0 hesablı qələbə qazandıqları 1/4 final oyunundan sonra deyib.

33 yaşlı idmançı Hollandiya ilə keçirəcəkləri yarımfinal görüşünü də dəyərləndirib: "Bu rəqib çox güclüdür. Amma hədəfimiz "narıncılar"ı da yenməkdir".

Millinin digər üzvü Valeriya Məmmədova isə 12 ildən sonra yenidən Avropa çempionatının yarımfinalına yüksəlmələrinə diqqət çəkib:

"Emosiyalarımı ifadə edə bilmirəm. Qrupda Almaniya üzərində qələbədən sonra medal qazanmağı düşünməyə başlamışıq. Bu 1/4 final matçı isə çox çətin alındı. Almaniya yaxşı voleybol sərgilədi. Amma onlar bizi dayandıra bilmədilər".

Qeyd edək ki, Azərbaycan və Hollandiya yığmaları arasında yarımfinal görüşü sentyabrın 30-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi