Yuxarı

Azərbaycan millisinin futzalçısı: "Portuqaliyanı yenərək yarımfinala yüksələcəyik"

Azərbaycan millisinin futzalçısı: "Portuqaliyanı yenərək yarımfinala yüksələcəyik"
Mən buna inanıram, siz də inanın”

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbacan milli komandasının futzalçısı Everton Kardozo Portuqaliya ilə keçirəcəkləri Avropa çempionatının 1/4 final oyununun hazırlıq prosesinə qatılıb.

"Report"un məlumatına görə, milliləşdirilmiş braziliyalı oyunçu bugünkü məşqdə sonadək iştirak edib. 

O, fevralın 2-də Fransa ilə oyundan sonra ayağında ağrı hiss etdiyi üçün İspaniya ilə növbəti qarşılaşmada meydana çıxmayıb. Hərçənd, "sambaçı"nın adı oyunun protokolunda olub. Həkimlərin, oynaması üçün heç bir problemin olmadığını bildirmələrinə baxmayaraq, baş məşqçi Joze Alesio Sa Silva risk etməyərək Qalo ləqəbli futzalçını ehtiyatda saxlayıb. 

Bugünkü məşq başa çatdıqdan sonra "sambaçı" federasiyanın mətbuat xidmətinə açıqlama verib: “Ayağımda yüngül ağrı var, amma bu, məşq etməyimə, eləcə də oynamağıma mane olmur. Hətta mən İspaniyaya qarşı da oynamaq istəyirdim. Sadəcə, baş məşqçi risk etmək istəmədiyini bildirdi. Məşq prosesi göstərdi ki, meydana çıxmağımda hansısa problem yoxdur”. 

Artıq 2 il əvvəl dünya çempionatının ¼ final mərhələsində Portuqaliyaya qarşı çıxış etmiş milli üzvü rəqib haqda da danışıb: “Başa düşürəm, Portuqaliya Avropada ən güclülərdən biridir. Ancaq biz də zəif deyilik. Əla komandamız var və biz özümüzə inanırıq. Rəqib komandada Rikardinyo oyunun nəticəsinə çox təsir edəcək futzalçıdır. Çalışacağıq ki, onu zərərsizləşdirək”. 

Yarımfinal şanslarını da dəyərləndirən Qalo komandasının uğur qazanacağına inam ifadə edib: “Oyundan əvvəl hər iki komandanın şansı bərabər olur. Ancaq öz komandamı bir addım öndə sayıram. Məncə, biz yarımfinala yüksələcəyik. Buna inanıram, siz də inanın”.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı fevralın 6-da keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi