Azərbaycan futzal yığmasının qapıçısı: "Mərakeş millisi bizi heç nə ilə təəccübləndirmədi"

Azərbaycan futzal yığmasının qapıçısı: "Mərakeş millisi bizi heç nə ilə təəccübləndirmədi" Rövşən Hüseynov: "1/8 finala çıxmaq üçün əlimizdən gələni edəcəyik"
Komanda
13 Sentyabr , 2016 10:37
Azərbaycan futzal yığmasının qapıçısı: Mərakeş millisi bizi heç nə ilə təəccübləndirmədi

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Matça bir qədər həyəcanlı başladıq. Çünki həm tariximizdə ilk dəfə dünya çempionatında iştirak edir, həm də belə mötəbər yarışda ilk oyunumuza çıxırdıq. Öz üzərimizdə müəyyən təzyiq hiss edirdik. Amma dəqiqələr keçdikcə, öyrəşməyə başladıq".

Bunu "Report"a açıqlamasında Azərbaycanın futzal üzrə milli komandasının qapıçısı Rövşən Hüseynli Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının F qrupunun ilk tur matçından sonra deyib.

O, ilk qolu vurduqdan sonra üstünlüyü ələ aldıqlarını bildirib: "İkinci hissəyə başladıqdan sonra hesabın 3:0 olması bizə rahatlıq yaratdı. Əsas rəqiblərimizdən biri Mərakeş yığması idi. Bu görüşdə mütləq qalib gəlməli idik. Rəqib bizi heç nə ilə təəccübləndirmədi. Demək olar ki, əvvəlki görüşlərinin videoyazılarında gördüyümüz oyunu sərgilədilər. Həmin videolarda baş məşqçimiz bizə hansı göstərişləri vermişdisə, Mərakeşi necə təhlil etmişdisə, 90 faiz o cür çıxış etdilər".

Gənc qolkiper böyük hesablı qələbəni gözlənilməz nəticə adlandırıb: "Düzdür, böyük hesabla udmaq istəyirdik. Bu, çempionata yüksək əhval-ruhiyyədə başlamaq üçün önəmli amil idi. Amma nəticənin belə olacağını fikirləşmirdik. Düzdür, 5:0 hesablı qələbə qazandıq. Amma asanlıqla qalib gəldiyimizi deməzdim. Əziyyət çəkdik, müdafiədə daha diqqətli oynadıq."

R.Hüseynli topu ayaqla oynamaqda çətinlik çəkdiyinə dair fikirlərə də münasibət bildirib: "Bu, həm oyun təcrübəsinin hardasa azlığından, həm də həyəcandan irəli gəlirdi. Matçın startında 4-5 dəqiqə həyəcanlı idim. Bir neçə epizodda qurtarışlar etdikdən sonra özümə gəldim. Əlbəttə, çatışmazlıqlar üzərində işləmək lazımdır. Amma ümumilikdə, ciddi səhvimiz olmadı. Yalnız öz epizodumdan başqa. Qalan xırda səhvlər futzalda həmişə baş verir".

Qapıçı sonda qrupdakı digər rəqiblərlə oyunları da dəyərləndirib: "İspaniya Avropa, İran isə Asiya çempionudur. Çox güclü rəqiblərdirlər. Əlimizdən gələni etməliyik ki, qarşıdakı 2 matçda var gücümüzü ortaya qoyaraq, lazımi nəticəni göstərək və 1/8 finala yüksələk. Dünya və Avropa çempionatları arasında fərq var. Məncə, qitə çempionatı daha çətindir". 

Son xəbərlər

Orphus sistemi