"Land of Fire" Dünya Kubokuna qələbə ilə başlayıb

"Land of Fire" Dünya Kubokuna qələbə ilə başlayıb Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın Land of Fire komandası İsveçrənin Sankt Morits şəhərində keçirilən ənənəvi qış polosu üzrə Dünya Kubokunda mübarizəyə başlayıb.
Komanda
26 Yanvar , 2019 13:42
Land of Fire Dünya Kubokuna qələbə ilə başlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt Morits şəhərində keçirilən ənənəvi qış polosu üzrə Dünya Kubokunda mübarizəyə başlayıb. 

Azərbaycan Respublikasının Atçılıq Federasiyasından "Report"a verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə çıxış edən "Land of Fire" ilk oyun günündə “Cartier” komandası ilə qarşılaşıb.

Görüşdən öncə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ilə rəqs ansamblının ifasında “Odlar Yurdu – Azərbaycan” adlı unikal şou-kompozisiya nümayiş etdirilib. Əməkdar məşqçi Azər Həmzəyevin və əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi altında ansambl mürəkkəb və həyəcanlandırıcı, əzəmətli və təkrarolunmaz çıxışları ilə tamaşaçıların zövqünü oxşayıb. Milli musiqinin ecazkar sədaları onların duyğularını coşdurmaqla və qəlblərini isitməklə -15 dərəcə soyuqda Odlar Yurdunun hərarətini hamıya hiss etdirib.

Şou-kompozisiyadan dərhal sonra “Land of Fire” və “Cartier” komandalarının oyununa start verilib. 1985-ci ildən etibarən 35 illik tarixə malik qar üstündə Dünya Kubokunu 13 dəfə qazanmış, son 6 ildə isə 5 dəfə bu turnirin qalibi olmuş “Cartier” turnirin debütantı olan "Land of Fire" komandasının ciddi müqaviməti ilə qarşılaşıb. Gərgin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 5,5:5.

Turnir çərçivəsində “Land of Fire” komandasının pavilyonu tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycanın qədim tarixinin və mədəniyyətinin tərənnüm olunduğu pavilyonda milli musiqi fonunda ölkənin keçmişi və bu günü, bənzərsiz inkişafı və tərəqqisi, unikal turizm potensialı haqqında tamaşaçılara geniş məlumat verilib, xüsusi olaraq bu turnir üçün hazırlanmış bukletlər paylanıb. Pavilyon qarşısında rəqs ansamblının ifasında milli rəqslər böyük tamaşaçı kütləsini cəlb edib, avropalı tamaşaçılar azərbaycanlı rəqqaslarla birgə yallı gediblər. 

Bu gün "Land of Fire" “Badrutt's Palace Hotel” komandası ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi