Yuxarı

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib - FOTO

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib - FOTO
Voleybolçu qadınlar arasında turnirdə qrup mərhələsinin daha 7 oyunu keçirilib

Göygöl. 24 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında bu gün qrup mərhələsinin daha 7 oyunu keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöldə və Gürcüstanın paytaxtı Tbilisidə son görüşlər təşkil olunub.

Milli Gimnastika Arenası isə növbəti 3 qarşılaşmaya ev sahibliyi edib. Bu arenada günün ilk matçı C qrupunda yer alan Bolqarıstan və Türkiyə yığmaları arasında olub. Görüş Türkiyə millisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu nəticədən sonra "ay-ulduzlular" 2 oyundan 1 xalla sonuncu pillədə qərarlaşıblar. Qrupun həlledici görüşündə Covanni Qidettinin baş məşqçi olduğu kollektiv Ukraynanı yenə bilməsə, mübarizəni dayandırmalı olacaq.

A qrupunda yer alan Azərbaycan millisi Polşanı sınağa çəkib. Hər iki komanda ilk turda qalib gəldiyindən, görüş gərgin keçib. Bununla belə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv rəqibini 3 setdə məğlub etməyi bacarıb. Bununla da təşkilatçı ölkə millisi xallarını 6-ya çatdıraraq, vahid liderə çevrilib. Qrupun digər görüşündə isə Almaniya Macarıstana qalib gəlib - 3:1.

Göygöl Olimpiya Kompleksində D qrupunun komandaları qarşılaşıblar. İlk 2 turu inamlı qələbələrlə başa vuran Serbiya xalsız Belçikanı da məyus edib - 3:1. Hərəyə 3 xalı olan komandaların duelində isə Hollandiya Çexiyanı eyni hesabla yenib. Beləliklə, Serbiya 9 xalla qrup qalibi kimi birbaşa 1/4 finala yüksəlib.

Nəhayət, Tbilisidə təşkil olunan B qrupunun oyunlarında lider İtaliya özündən 2 xal geri qalan Xorvatiyanı minimal fərqlə, Belarus isə xalsız meydan sahibi Gürcüstanı asanlıqla yenib. Bu qrupdan isə 1/4 finala İtaliya çıxıb.

"Play-off"a yüksələn komandalardan isə Belarus Çexiyanı, Hollandiya Xorvatiyanı sınağa çəkəcək. Bu cütlərin qalibləri 1/4 finalda müvafiq olaraq, Serbiya və İtaliyaya rəqib olacaqlar.

Avropa çempionatı, 24 sentyabr

A qrupu

18:00. Azərbaycan - Polşa 3:0 (25:14, 25:21, 25:23)

20:30. Almaniya - Macarıstan - 3:1 (25:21, 19:25, 25:21, 25:18)

Milli Gimnastika Arenası

Xal durumu: AZƏRBAYCAN - 6, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0

B qrupu

17:00. Gürcüstan - Belarus - 0:3 (8:25, 11:25, 12:25)

20:00. Xorvatiya - İtaliya - 2:3 (23:25, 21:25, 25:19, 25:10, 11:15)

Tbilisi, Yeni İdman Sarayı

Xal durumu: İtaliya - 8, Belarus, 5, Xorvatiya - 5, Gürcüstan - 0.

C qrupu

15:30. Bolqarıstan - Türkiyə - 3:2 (25:17, 10:25, 25:16, 20:25, 20:18)

Milli Gimnastika Arenası

Xal durumu: Rusiya - 5, Bolqarıstan - 4, Ukrayna - 2, Türkiyə - 1.

D qrupu

17:00. Belçika - Serbiya - 1:3 (26:24, 20:25, 22:25, 21:25)

20:00. Çexiya - Holandiya - 1:3 (21:25, 15:25, 25:21, 22:25)

Göygöl Olimpiya Kompleksi

Xal durumu: Serbiya - 9, Hollandiya - 6, Çexiya - 3, Belçika - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi