Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın “Araz” futzal komandası UEFA Kubokunun əsas mərhələsində həlledici oyununu keçirəcək.
“Report” xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyada təşkil olunan VIII qrupun sonuncu - 3-cü turunda meydan sahibi “Deva” ilə qarşılaşacaq.
İlk matçda Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2, ikinci görüşdə Maltanın “Sent Endryus” komandasını 6:4 hesabı ilə məğlub edən “Araz” hazırda qrup lideridir. Joze Alesionun rəhbərlik etdiyi kollektiv elit-raunda vəsiqə qazanmaq üçün mövqeyini qorumalıdır.
Üç xalla ikinci sırada yer alan “Deva” ilə qarşılaşmada heç-heçə də Azərbaycan çempionuna mübarizəni davam etdirmək üçün yetərlidir. Yalnız rumınlara böyük hesablı məğlubiyyət vəziyyəti dəyişə bilər. Meydan sahibləri ilə oyunda “Araz”a 2 top fərqi ilə uduzmaq da sərf edə bilər. Çünki “Mostar” qələbə qazanacağı təqdirdə, hər üç komandanın 6 xalı olacaq. Şəxsi oyunlara gəldikdə, “Araz” bosniyalıları 3 top fərqi ilə məğlub edib, “Deva” isə onlara 1 top fərqi ilə uduzub.
“Mostar” qələbə qazana bilməsə, “Araz” istənilən halda uduzmamalıdır. Çünki iki komandanın xalı eyni olduqda, şəxsi görüşlərə üstünlük verilir. “Deva” qalib gələrsə, turnir cədvəlində “Araz”ı qabaqlayacaq.
Futzal üzrə UEFA Kuboku
Əsas mərhələ, B yolu
VIII qrup, III tur
14 oktyabr
20:00. “Araz” (Azərbaycan) – “Deva” (Rumıniya)
Deva. İdman Sarayı
Xal durumu: “Araz” – 6, “Deva”, “Mostar” – 3, “Sent Endryus” – 0.