Altı Azərbaycan qrossmeysterindən dördü şahmat üzrə dünya kubokunun ikinci dövrəsinə çıxıb

Altı Azərbaycan qrossmeysterindən dördü şahmat üzrə dünya kubokunun ikinci dövrəsinə çıxıb Turnir oktyabrın 4-də başa çatacaq
Komanda
14 Sentyabr , 2015 02:20
Altı Azərbaycan qrossmeysterindən dördü şahmat üzrə dünya kubokunun ikinci dövrəsinə çıxıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov və Qədir Hüseynov Bakıda nokaut sistemi əsasında keçirilən şahmat üzrə dünya kubokunun ikinci dövrəsinə vəsiqə qazanıblar.

Şəhriyar Məmmədyarov iranlı İdani Puyadan üstün olub, Rauf Məmmədov turnirin ən güclü iştirakçılarından biri olan Yevgeni Nayeri (Rusiya) mübarizədən kənarlaşdıra bilib, Teymur Rəcəbov amerikalı Semuyel Seviana qalib gəlib, Qədir Hüseynov isə Maksim Matlakovu məğlub edib.

Eltac Səfərli və Vasif Durarbeyli öz rəqiblərinə məğlub olublar. Beləliklə, onlar 128 şahmatçının iştirak etdiyi dünya kubokunda mükafata layiq yerlər uğrunda mübarizəni dayandırıblar.

İkinci dövrədə Şəhriyar Məmmədyarov dünya çempionu Hou İfanla, Teymur Rəcəbov israilli İlya Smirinlə, Qədir Hüseynov çex David Navar ilə, Rauf Məmmədov isə Fabiano Karuana ilə qarşılaşacaq.

Qaydalara əsasən, iştirakçılar bir-biri ilə klassik vaxt nəzarəti rejimində (birinci 40 gediş üçün 90 dəqiqə, sonra oyunun sonuna qədər 30 dəqiqə, üstəgəl oyunun əvvəlindən hər gediş üçün 30 saniyə) iki partiya oynayacaqlar.

İki partiyadan sonra hesab heç-heçə olarsa, rəqiblər 25+10 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər hesab yenidən heç-heçə olarsa, 10+10 vaxt nəzarəti rejimində iki partiya, daha sonra 5+3 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər bundan sonra da rəqiblər “sülhlə ayrılsalar”, onda "armaqeddon" (5:4) +3 nəzərdə tutulmuşdur, bu halda heç-heçə qaraların xeyrinə sayılır.

Finalda FİDE-nin vaxt nəzarəti rejimində dörd partiya oynanılır.

Turnirin ümumi mükafat fondu 1,6 milyon dollardır. Bu məbləğdən 96 min dollar qalibə, 64 min dollar digər finalçıya çatacaq, yarımfinalçıların hər biri 40 min dollar, 1/4 finala keçmiş hər iştirakçı 28 min dollar alacaq. Qalib və Kubokun finalçısı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar.

Turnir oktyabrın 4-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi