​Toğrul Əsgərov Qran Pri yarışından imtina etməsinin səbəbini açıqlayıb

​Toğrul Əsgərov Qran Pri yarışından imtina etməsinin səbəbini açıqlayıb O, zədəli olmasına baxmayaraq, turnirdə böyük həvəslə iştirak etmək arzusunda olduğunu bildirib
Fərdi
7 Fevral , 2015 13:36
​Toğrul Əsgərov Qran Pri yarışından imtina etməsinin səbəbini açıqlayıb

Bakı. 7 fevral. REPORT.AZ/ "Ötən il aldığım zədədən sonra dizimdən əməliyyat olunmuş və uzun müddət müalicə-bərpa prosesi keçmişdim. Fransada keçirilən beynəlxalq turnirə bir neçə gün qalmış məşq zamanı ayağımdan yenidən zədə aldım". "Report"un məlumatına görə, bunu 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov deyib.

Qeyd edək ki, güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov "Report"a müsahibəsində T.Əsgəroun Fransada keçirilən Qran Pridə 70 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxmaqdan imtina etdiyini bildirib. Böyük məşqçi bu səbəbdən ona qarşı ciddi tədbirlərin görüləcəyini vurğulayıb.

Olimpiya çempionu imtinasının səbəbini zədə ilə əlaqələndirib. O, zədəli olmasına baxmayaraq, Qran Pridə böyük həvəslə iştirak etmək arzusunda olduğunu bildirib. Turnirdə ilk görüşü üstünlüklə (6:0) başa vuran T.Əsgərov ikinci görüşdə qəflətən əməliyyat edilmiş dizində ağrı yarandığını deyib. Ağrı səbəbindən yarışı davam etdirə bilmədiyini qeyd edən güləşçi həmin vaxt yığma komandanın həkimi tərəfindən müayinə edildiyini vurğulayıb: "Tibbi yardım aldım. Ancaq buna baxmayaraq, görüşü davam etdirə bilmədim, görüş 2:2 hesabı ilə başa çatdı. Qeyd edim ki, bu turnir dizimdə aparılan əməliyyatdan sonra iştirak etdiyim ilk yarış idi. Zədəmin daha da ağırlaşacağından ehtiyatlanıb, mübarizəni davam etdirə bilmədim. Hazırda zədənin aradan qaldırılması üçün həkim nəzarətindəyəm və yüngül formada məşqlərimi davam etdirirəm. İnşallah, tam sağaldıqdan sonra növbəti yarışlarda bütün qüvvəmlə mübarizə aparacağam".

O, bir azərbaycanlı kimi ən böyük arzusunun beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarına bundan sonra da uğurla qatılaraq yüksək nəticələr əldə etmək olduğunu bildirib: "Ən böyük arzum ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin idmana və biz idmançılara, xüsusən də mənim özümə olan etimadını doğrultmaq, üçrəngli bayrağımızı daim yüksəklərə qaldıraraq ölkəmizi dünya miqyasında layiqincə təmsil etməkdir. Bu mötəbər yarışlara hazırlığımız üçün dövlətimiz və federasiyamız tərəfindən hər cür şərait yaradılıb. Qarşıdan gələn Avropa Oyunlarında, sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış etmək, London Olimpiadasındakı uğurumu təkrarlamaq istəyirəm".

Son xəbərlər

Orphus sistemi