Teymur Rəcəbov: "Mənim üçün superturnirlər həmişə dünya və Avropa çempionatlarından seçilir"

Teymur Rəcəbov: "Mənim üçün superturnirlər həmişə dünya və Avropa çempionatlarından seçilir" "Vüqar Həşimovun debütlərinə qarşı ciddi hazırlaşırdıq"
Fərdi
20 Aprel , 2018 11:09
Teymur Rəcəbov: Mənim üçün superturnirlər həmişə dünya və Avropa çempionatlarından seçilir

Bakı. 20 aprel. REPORT.AZ/ "Açılışdan sonra üstünlük yox idi. Bərabər səviyyəli oyun izlədik. Bəlkə də kənardan fərqli görünürdü. Şəmkirdə həmişə güclü rəqiblər olub. Ona görə ehtiyatlı oyundan söhbət gedə bilməz. Hər şahmatçı mümkün qədər çox xal qazanmağa çalışır".

"Report" xəbər verir ki, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinin ilk turunda Bolqarıstan təmsilçisi Veselin Topalovla heç-heçə etdiyi görüşdən sonra mətbuat konfransında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. 

"ShamkirChess2018" barədə danışan Rəcəbov superturnirlərin dünya və Avropa çempionatlarından fərqləndiyini bildirib: "Mənim üçün superturnirlər həmişə dünya və Avropa çempionatlarından seçilir. Komanda yarışlarında, eləcə də digər turnirlərdə hədəf qələbə olur. Lazım olanda risk etməkdən çəkinmirsən. Superturnirlər həmişə daha böyük yarışlara hazırlıq məqsədi daşıyır".

Vüqar Həşimovun xatirə turnirinin yüksək səviyyədə təşkil olunduğunu deyən Azərbaycan şahmatçısı mərhum qrossmeyster haqqında xatirələrini bölüşüb: "Vüqar çox güclü şahmatçı olub. Yadımdadır, onun debütlərinə qarşı ciddi hazırlaşırdıq. Həşimov istənilən vəziyyəti öz xeyrinə dəyişməyi bacarırdı. Veyk-An-Zeye superturnirində oynamışdıq. O vaxt mən qələbə qazanmışdım. Ümumi oyunlarımızda xal fərqi yadımda deyil. Statistikanı xatırlamaq çətindir. Lakin Rusiyada klubların çempionatındakı görüşü heç vaxt unutmayacağam. İki saatlıq partiya heç-heçə yekunlaşmışdı. Amma oyunun təhlili 3 saat vaxt apardı. Yəni, o qədər maraqlı partiya alınmışdı ki, təhlili oyundan çox olmuşdu".

Son xəbərlər

Orphus sistemi