Yuxarı

Tbilisidə "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar təqdimat keçirilib

Dinləyicilərə Azərbaycanın idman sahəsindəki zəngin təcrübəsi barədə ətraflı məlumat verilib
© Report.az

Tbilisi. 24 may. REPORT.AZ/ "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar mayın 24-də Gürcüstan paytaxtı Tbilisi şəhərində təqdimat mərasimi keçirilib.

“Report”un Gürücstan bürosu xəbər verir ki, mərasimdə Gürcüstan mətbuatına, dinləyicilərə Azərbaycanın idman sahəsindəki zəngin təcrübəsi, ölkəmizin iqtisadi imkanları, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə ətraflı məlumat verilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Azərbaycan Qran-prisinin təşkili ilə bağlı görülən işlər, Azərbaycanın sosial-iqtisadi, mədəni və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan artıq beynəlxalq idman yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir.

BŞH Əməliyyat Şirkətinin kommunikasiya və əməliyyatlar şöbəsinin rəhbəri Bülənt Özerdin çıxışında Azərbaycanın beynəlxalq yarışların keçirilməsi barədə təcrübəsindən danışıb. Bildirib ki, Azərbaycan Qran-prisini "Formula-1" rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası, eləcə də Bakıya səfər edən çoxsaylı mətbuat nümayəndələri, bilet almış çoxsaylı insanlar çox yüksək qiymətləndiriblər. İnanırıq ki, iyunun 23-24 və 25-də keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi də çox yüksək səviyyədə keçəcək.

Sonra "Formula-1" Azərbaycan Qran-prisinin 2016-cı ildə keçirilmiş yarışları barədə video-çarx nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdimat mərasimində iştirak edib.

Nigar Arpadarai REPORT a müsahibəsində deyib ki, "Formula-1" yarışları təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün də önəmli tədbirdir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər paytaxt Bakını və respublikamızın regionlarını da görmək istəyirlər. Onlar, eyni zamanda, qonşu Gürcüstanla da maraqlanırlar. Bunu nəzərə alaraq Tbilisiyə gəlmişik. Məqsədimiz, gürcü mətbuatına "Formula-1" haqqında geniş məlumatlar yaymaq, Gürcüstan əhalisini məlumatlandırmaqdır.

Onun sözlərinə görə, "Formula-1" dünyada ən çox izlənilən idman tədbirlərindən biridir. Bu yarışlar futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarından sonra televiziya auditoriyasında izlənməyə görə, üçüncü yerdədir. Buna görə də "Formula-1"in televiziya izləyiciləri çoxdur.

Bülənt Özerdim isə bildirib ki, Gürcüstan bizə dost və qonşu ölkədir. Keçən il bu ölkədən Azərbaycana xeyli qonaq gəlmişdi. Bu il satılan biletlərin 100-də 60-ı xarici ölkə vətəndaşlarının payına düşür. Dünyanın 50 ölkəsindən bilet sifarişi verilib. Artıq bəzi sektorlara satılan biletlər qurtarıb. Bu, xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artdığını sübut edir”.

Onun sözlərinə görə, bilet alan xarici ölkələr sırasında Gürcüstan vətəndaşları Rusiya, İngiltərə və Ukraynadan sonra dayanırlar.

B.Özerdim "Formula-1" Azərbaycan Qran-prisinin bu dəfə də çox yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi