Rusiyalı 4 qat Avropa mükafatçısı: "Mingəçevirdəki Olimpiya Mərkəzini heç bir bazaya dəyişmərəm"

Rusiyalı 4 qat Avropa mükafatçısı: "Mingəçevirdəki Olimpiya Mərkəzini heç bir bazaya dəyişmərəm" Mingəçevir. 5 fevral. REPORT.AZ / Rusiyanın akademik avarçəkmə üzrə kişilərdən ibarət milli komandası Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışındadır.
Fərdi
5 Fevral , 2019 14:22
Rusiyalı 4 qat Avropa mükafatçısı: Mingəçevirdəki Olimpiya Mərkəzini heç bir bazaya dəyişmərəm

Mingəçevir. 5 fevral. REPORT.AZ / Rusiyanın akademik avarçəkmə üzrə kişilərdən ibarət milli komandası Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışındadır.

“Report”un Şirvan bürosunun məlumatına görə, qonşu ölkə hazırlıq prosesində 26 idmançı ilə təmsil olunur. Qoşa avarlı qayıqlar üzrə komandanın baş məşqçisi Valeri Dosenko toplanışın plan üzrə getdiyini bildirib: "Əvvələr də bu mərkəzin imkanlarından yararlanmışıq. Amma son 5 il ərzində səfərlərimiz ənənə halına çevrilib. Çünki Mingəçevirdəki bu ideal məkan ən mötəbər yarışlara hazırlıq üçün geniş imkanlara malikdir. İlin ən soyuq aylarında belə donmayan və avarçəkmə idmanları üçün arzuolunan açıq su hövzəsi, gözəl iqlim, toplanış üçün vacib olan bütün texniki şəraitin kompakt şəkildə bir ərazidə yerləşməsi mərkəzə çox böyük üstünlüklər verir. Bura yığmamız üçün əsas təlim bazası rolunu oynayır. Mingəçevirdə mövsüm ərzində, hazırlıq proqramımıza uyğun olaraq, bir neçə dəfə təlim keçirik. Eyni zamanda, müəyyən mərhələlərdə sıralarımıza qadınlardan və gənclərdən ibarət milli komandalarımız da qoşulur".

V.Dosenko hazırlıq prosesində xeyli sayda tanınmış avarçəkənin yer aldığını vurğulayıb: "Artyom Kosov, Nikita Qraçyov, Aleksandr Balandin və digər idmançılarımız dəfələrlə Avropa birinciliklərində qalib və mükafatçılar sırasında yer alıb, Dünya Kubokunda və digər mötəbər beynəlxalq reqatalarda uğurlu çıxışları ilə yadda qalıblar. Etiraf etmək lazımdır ki, naliyyətlərimizdə bu idman bazasındakı hazırlıq prosesimizin önəmli rolu olub. Bir faktı deyim: Ötən mövsüm qızlar və gənclərdən ibarət yığmalarımız bu bazada mərhələli təlim keçmişdi. Nəticədə qızlar dünya birinciliyində üçüncü oldular və Avropa çempionu adını qazandılar, gənclərimiz isə dünya çempionu tituluna yiyələndilər. İnanıram ki, qarşıdakı dönəmdə də uğurlarımız davamlı olacaq. Bura martın 11-də yenidən qayıdacağıq və gələn ayın 30-dək toplanışımız davam etdiriləcək. Biz bu mərhələnin sonunda həm də Mingəçevirdə ənənəvi olaraq keçirilən Beynəlxalq Prezident Kuboku reqatasına qatılacağıq. Ardından bizi digər mötəbər beynəlxalq yarışlar gözləyir. Onlardan biri də İtaliyada keçirilməsi nəzərdə tutulan Federasiya Kubokudur".

4 qat Avropa mükafatçısı və Dünya Kubokunun qalibi Artyom Kosov artıq Mingəçeviri doğma məkan saydıqlarını söyləyib. Hətta söhbət zamanı o, zarafatla "Mən Rusiyanı və türk dünyasının bir parçası olan Tatarıstanı təmsil edirəm, hər mənada dogma insanlarıq" deyib. Kosov "Kür"də təlim-məşq toplanışlarına 11 ildir qatıldığını xatırladıb: "Etiraf etmək lazımdır ki, SSRİ dağıldıqdan sonra Rusiyada elə bir arzuolunan baza qalmamışdı. “Kür” Olimpiya Tədris-İmkan Mərkəzinin yenidən daha müasir formada bərpa olunması bizə yeni şans yaratdı. Hər dəfə bura səfərimiz bizə rahatlıq verməklə yanaşı, həm də önümüzdə yeni perspektivlər açır. Kür çayının gözəlliyi və imkanları, kiçik bir torpaq parçası olan baza ərazisində yüksək səviyyəli məşqlər üçün bütün lazımi imkanların mövcudluğu həqiqətən çox gözəldir. Sudan zallara, hovuza, trenojor və fitnes bölmələrinə keçərkən təkrar-təkrar soyunub-geyinməyə belə ehtiyac qalmır. Xüsusən, Kür çayı 2000 metrlik süni kanal deyil, təbii və əlverişli manevr imkanları olan su hövzəsidir. Üstəlik, komandamıza göstərilən peşəkar xidmət, insanların qonaqpərvərliyi, ən əsası, dil baxımından ünsiyyət rahatlığı əvəzolunmazdır. Mən buranı heç bir bazaya dəyişmərəm".

Qeyd edəki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində gələn ay Almaniyanın Leyptsiq şəhərinin avarçəkənlərdən ibarət komandası da hazırlıq keçəcək. Onlar ötən mövsüm də bu bazada olublar. Onların Prezident Kuboku reqatasında da iştirakı gözlənilir. Beynəlxalq reqataya İran, Gürcüstan yığmaları da qatılacaqlar. 

Son xəbərlər

Orphus sistemi