​Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb - YENİLƏNİB

​Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb - YENİLƏNİB Braziliya prezidenti Olimpiya Oyunlarını açıq elan edib
Fərdi
6 Avqust , 2016 06:50
​Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb - YENİLƏNİB

İlk xəbər 03:04-də dərc olunub

Bakı. 6 avqust. REPORT.AZ/ Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminə start verilib.

"Report"un məlumatına görə, mərasim "Marakana" stadionunda keçirilir.

Əvvəlcə stadionda samba səsləndirilib və yüzlərlə aktyor böyük yastıqların köməkliyi ilə baraban effekti yaradıb. Meydanın ortasında isə ağac yetişməyə başlayıb.

Tədbiri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və BMT-nin baş katibi Pan Gi Mun da izləyir.

Ölkənin hazırda karyerasını bitirmiş idmançıları Braziliya himninin sədaları altında dövlət bayraqlarını qaldırblar.

Ardınca dünyanın yaranışını əks etdirən səhnə nümayiş olunub. Daha sonra məşhur yerli ifaçılar rəqqasların müşayiəti ilə mahnılar oxuyublar, kapoeyra rəqsi ifa olunub. Rəqs sədaları altında döyüş səhnələşdirilib. Bir müddət sonra səhnəyə çıxan braziliyalı aktrisa döyüşləri dayandırmağı və ən yaxşısı, insanları birləşdirən rəqs ifasını təklif edib.

Daha sonra atletlərin paradı başlanıb. Parad Yunanıstan komandası ilə start götürüb və 207 nümayəndə heyətinin keçidi təşkilatçı Braziliya idmançılarından sonra yekunlaşıb. Parad zamanı idmançılar xüsusi şüşə qutulara 11 min toxum əkiblər.

Toxumlardan olimpiya halqası yaradılıb. Onlar sonradan miras kimi Deodoro parkında əkiləcəklər. Ümumilikdə hər bir nümayəndə heyəti tərəfindən hərəyə bir ədəd olmaqla 207 ağac növü əkiləcək.

Bundan sonra rəsmi hissə başlanıb.

Səhnəyə "Rio-2016" Təşkilat Komitəsinin prezidenti Karlos Artur Nuzman və İOC prezidenti Tomas Bax çıxıb. Nuzman çıxışında böyük arzunu həyata keçirdiklərini, bundan özünü çox xoşbəxt və dünyanın ən qürurlu insanı saydığını bildirib. Bax isə azarkeşləri portuqalca salamladıqdan sonra hər bir braziliyalının bu gecədən qürur hissi keçirməli olduqlarını söyləyib. O, 7 ilə Rio-de-Janeyronun müasir meqapolisə çevrildiyini, daha gözəl və əsrarəngiz olduğunu vurğulayıb. İOC rəhbəri böhran və inamsızlığın hökm sürdüyü dünyada yaşadıqlarını söyləyərək, planetdə yaşayan milyonlarla qaçqının timsalında olimpiadada çıxış edəcək qaçqınlar komandasına müraciət edib. Almaniyalı sabiq olimpiya çempionu atletlərə özlərinə, bir-birilərinə, olimpiya dəyərlərinə hörmət etməyi arzulayıb.

Çıxışdan sonra olimpiya hərəkatının inkişafı sahəsindəki nailiyyətlərinə görə, olimpiya çempionu Kipçoqe Keqnoya xüsusi mükafat təqdim olunub. Ardınca Braziliya prezidenti Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Səhnəyə Braziliyanın məşhur idmançıları olimpiya bayrağı gətiriblər.

Stadionda olimpiya himni səsləndirilib.

Dünyanın keçmiş bir nömrəli tennisçisi Qustavo Kuerten və digər məşhur braziliyalı idmançılar stadiona olimpiya məşəli gətiriblər. Əsas məşəli isə marafonçu Vanderley Kordeyru alovlandırıb. Beləliklə, açılış mərasimi yekunlaşıb.

***

Cənubi Amerika ərazisində keçirilən ilk Olimpiadada rekord sayda – 306 dəst medal oynanılacaq və bu medallar uğrunda 206 ölkənin idmançıları, həmçinin Olimpiya bayrağı altında çıxış edəcək qaçqınlar komandasının nümayəndələri mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi