Yuxarı

Orxan Səfərov: "Öz ölkəndə beynəlxalq yarışlarda çıxış etmək böyük məsuliyyətdir" - MÜSAHİBƏ

Avropa çemionatına və İslam Həmrəyliyi Oyunlarına hazırlaşacağıq
© Report.az

Bakı. 11 mart. REPORT.AZ/ Bakıda təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turnirində 60 kq çəki dərəcəsində bürünc medal qazanan Orxan Səfərov yarışla bağlı fikirlərini bölüşüb. "Report" jurnalistlərin 26 yaşlı idmançı ilə müsahibəsini təqdim edir:

- Bürünc medal qazandığınız üçün təbrik edirik. Yarış barədə nə deyə bilərsiniz?

- Turnir çox yaxşı təşkil olunub. Öz ölkəndə beynəlxalq yarışlarda çıxış etmək böyük məsuliyyətdir. Ona görə də güləşmək çətin olur, adam özünü rahat hiss etmir.

- Nəticəni özünüz üçün uğurlu hesab edirsiniz?

- Uduzduğum görüşü nəzərə almasaq, bəli. Lakin Qusman Kirgizbayevə iki həftə əvvəl Parisdə qalib gəlmişdim. Bu dəfə nədənsə alınmadı. Bəlkə də, həddindən artıq məsuliyyətli yanaşdığım üçün belə oldu. Çempionluğa güləşirdim.

- 1/4 finalda Q.Kirgizbayevlə görüşdə nə baş verdi ki, uduzdunuz?

- Birincisi, hakim heç nədən mənə iki xəbərdarlıq verdi. Bundan sonra hücum etmək məcburiyyətində qaldım. Bu zaman isə rəqib məni səhvdə tutdu. Sonra da yoruldum, nə qədər hücum etmək olar?!

- Qarşıdan Tbilisi və Antalya Qran-priləri var. Bu yarışların hər ikisində iştirak edəcəksiniz?

- Xeyr, Avropa çemionatına və İslam Həmrəyliyi Oyunlarına hazırlaşacağıq. Bu iki önəmli yarışda yaxşı çıxış etmək üçün təlim-məşq toplanışları keçməliyik.

- Növbəti iki gündə cüdoçularımızdan nə gözləyirsiniz?

- Rüstəm Orucov, Hidayət Heydərov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Elxan Məmmədov, Elmar Qasımov və Uşanqi Kokauridən medal gözləyirəm.

- Artıq sizin İslamiadada çıxış edəcəyinizi söyləmək olar?

- İnşallah, zədə-filan olmasa, çıxış edəcəyəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi