Bakı. 3 may. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəl estafeti Braziliyanın paytaxtı Braziliadakı Planaltu Sarayından start götürüb. "Report"un məlumatına görə, Planaltu Sarayı ölkə prezidenti Dilma Russeffin iş iqamətgahı sayılır.
Təntənəli mərasim zamanı voleybolçu qadınlardan ibarət yığmanın heyətində ikiqat Olimpiya çempionluğunu qazanmış Fabiano Klaudino Russeffin əlindən məşəli alıb. Məhz bu idmançı vətənində estafeti başlama şərəfinə nail olub. Klaudino məşəli braziliyalı riyaziyyatçı Artur Avil Kordeyra di Meloya, o isə karate üzrə bir neçə yarışın mükafatçısı, 16 yaşlı Qabriel Hardiyə ötürüb. Olimpiya məşəlinin marşrutu boyunca təhlükəsizliyi 300-dək təhlükəsizlik xidməti əməkdaşı qoruyacaq. 95 gün davam edəcək estafetə 12 min insan qatılacaq.
Məşəl avqustun 5-də "Rio-2016"nın Açılış Mərasiminin keçiriləcəyi "Marakana" stadionuna gətiriləcək. Yay Olimpiya Oyunları avqustun 21-dək davam edəcək.