Nona Qaprindaşvili: “Bakıdakı olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi”

Nona Qaprindaşvili: “Bakıdakı olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi” "Şərait əladır, olimpiadanın oyun zalı möhtəşəmdir"
Fərdi
8 Sentyabr , 2016 22:50
Nona Qaprindaşvili: “Bakıdakı olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi”

Bakı. 8 sentyabr. REPORT.AZ/ Keçmiş dünya çempionu Nona Qaprindaşvili bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini izləyib.

"Report" xəbər verir ki, Kristal Zalın sərgi solununa da baxmağa imkan tapan Qaprindaşvili 2 ildən sonra Batumidə keçiriləcək olimpiadının stendinə tamaşa edib.

Sonra isə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandıran keçmiş dünya çempionu ilkin təəssüratlarını bölüşüb:

“Bakıda sonuncu dəfə 1 il əvvəl olmuşam. Həmin vaxt burada şahmat üzrə Dünya Kuboku keçirilirdi. Olimpiadadan zövq almaq üçün yenidən məmuniyyətlə Azərbaycan paytaxtına gəldim. Bakıdakı olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi. Şərait əladır, olimpiadanın oyun zalı möhtəşəmdir. Buradakı atmosferdən zövq alıram”.

Nona Qaprindaşvili Gürcüstanın qadınlardan ibarət yığmasının çıxışını da dəyərləndirib: “Turnirin startında onlar gözlənilmədən Filippinə uduzdular. Bu məğlubiyyət anlaşılmaz idi. İstənilən halda, millimizin olimpiadada medallar uğrunda mübarizə aparacağını düşünürəm”.

Qaprindaşvili qeyd edib ki, Batumidə baş tutacaq növbəti olimpiadanı səbirsizliklə gözləyirlər: “Batumi dəniz sahilində yerləşən və əla infrastruktura malik şəhərdir. Olimpiadaya hazırlıq yaxşı təşkil olunacaq, oyun zalı ilə bağlı da heç bir problem yoxdur. Olimpiadaya yüksək səviyyədə hazırlaşmaq üçün hələ iki ilimiz var”.

Sonda sabiq dünya çempionu bildirib ki, dünya şahmatının diqqəti qarşıdakı illərdə Azərbaycan və Gürcüstanda cəmlənəcək: “Bakı 2 dəfə FİDE-nin Qran-Prisinə, Dünya Kubokuna ev sahibliyi edib. Hazırda isə burada olimpiada təşkil olunur. Tiflisdə də FİDE-nin Qran-Prisi keçirilib. Növbəti il Gürcüstan paytaxtı dünya kubokunu, daha sonra Batumi olimpiadanı qəbul edəcək. Artıq lazım olan hazırlıqlara start vermişik”.

Son xəbərlər

Orphus sistemi