Yuxarı

Müstəqillik dövründə Azərbaycan vətəndaşlığını qəbul etmiş Ukrayna idmançılarının sayı açıqlanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Müstəqillik dönəmində Ukraynanın 137 idmançısı vətəndaşlığını dəyişərək, beynəlxalq yarışlarda başqa ölkələrin bayrağı altında çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Gənclər və İdman Nazirliyindən yerli UNN agentliyinin sorğusuna cavab olaraq bildirilib. Ukraynalıların 1993 – 2017-ci illərdə ən çox üz tutduqları 2-ci dövlətin Azərbaycan olduğu açıqlanıb. Bu ölkənin 25 idmançısı Odlar Yurdunu seçib.

Siyahıya 47 idmançı ilə Rusiya başçılıq edir. “Üçlüy”ü isə ABŞ qapayır – 12 nəfər.

Ukrayna idmançılarının üstünlük verdikləri ölkələr sırasında Türkiyə, Belarus (hər ikisi 6), Almaniya, İsrail (hər ikisi 4), Portuqaliya, Özbəkistan (hər ikisi 3), Fransa, İtaliya, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Avstraliya (hamısı 2), Yaponiya, Sloveniya, Xorvatiya, Avstriya, İsveç, Slovakiya, İspaniya, Kanada, Argentina, Latviya, İngiltərə, Misir və Qətər (hamısı 1) də var.

Ukraynalılar arasında daha çox üzgüçülər vətəndaşlıqlarını dəyişiblər. Onların sayı 16 nəfərdir. İkinci yerdə hərəyə 15 idmançı ilə su polosu və kayak-kanoe qərarlaşıb.  

Digər ölkələrin yığmalarında əhəmiyyətli sayda çıxış edən idmançılardan hərəyə 9-u voleybol, atetika və atıcılıq, hərəyə 8-i velosiped idmanı və güləş, 6-sı idman gimnastikası, hərəyə 5-i boks və kamandan oxatma növlərində yer alıb. 

Akademik avarçəkçən, qılıncoynadan və fiqurlu konkisürələrdən hərəyə 4-ü, ağırlıqqaldıran, müasir çoxnövçü və fristaylçılardan hərəyə 3-ü, cüdoçulardan 2-si, həndbolçu, tennisçi, yelkən idmançısı, şort-trekçi, biatlonçu və bədii gimnastlardan hərəyə 1-i idman vətəndaşlığını dəyişib.   

Qeyd edək ki, müstəqillik dönəmində Azərbaycan vətəndaşlığı qəbul edən ukraynalı idmançılardan 4-ü Yay Olimpiya Oyunlarının mükafatçısı olub. Güləşçi Mariya Stadnik “London 2012” və "Rio-2016"da gümüş, “Pekin 2008”də bürünc medal qazanıb. Digər qadın güləşçi Natalia Sinişin “Rio-2016”da fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Son olimpiadada həm də kanoeçi Valentin Demyanenko gümüş, kayakçı İnna Osipenko-Radomskaya isə bürünc medal əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi