Yuxarı

Maykl Cordan tarixin ən çox qazanan idmançısı hesab edilib

Basketbolçu karyerası ərzində 1,7 milyard dollar qazanıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Amerikanın "Forbes" jurnalı tarixdə ən yüksək ödənişli idmançıların reytinqini dərc edib.

"Report" xəbər verir ki, siyahıya idman karyerasını bitirmiş şəxslər də daxil olub.

Birinci yeri Maykl Cordan tutub. Nəşrin hesablamalarına görə, basketbolçu karyerası ərzində 1,7 milyard dollar qazanıb.

Siyahıda ondan sonra qolfçular gəlir. İkinci pillədə Tayqer Vuds qərarlaşıb. Nəşrin qiymətləndirməsinə görə, onun ümumi gəliri 1,65 mlrd. dollar təşkil edib. Üçüncü yeri sentyabrda dünyasını dəyişən Arnold Palmer tutur. O, idmançı karyerası ərzində 1,35 mlrd. dollar qazanıb. Dördüncü yer Cek Niklausa məxsusdur. "Forbes" onun gəlirlərini 1,15 mlrd. dollar məbləğində qiymətləndirib.

Ən varlı idmançılar beşliyini "Formula-1"in yeddiqat çempionu Mixael Şumaxer qapayır. Avtomobilçi karyerası boyu 1 mlrd. dollar qazana bilib. Siyahının ilk onluğuna, həmçinin basketbolçu Kobi Brayant ($770 mln), boksçu Floyd Meyvezer ($765 mln), qolfçu Fil Mikelson ($760 mln), futbolçu Devid Bekhem ($730 mln), basketbolçu Şakil O’Nil ($700 mln) daxil edilib.

"Forbes" reytinqi tərtib edən zaman idmançıların 1990-ci ildən bu yana əmək haqqı, mükafat, həmçinin reklam müqavilələri, çıxışlar və kitab satışından əldə etdiyi gəlirləri nəzərə alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi