Azərbaycanın olimpiya medalçısı: "Mənə verilən pul mükafatına mənzil aldım" - MÜSAHİBƏ

Azərbaycanın olimpiya medalçısı: "Mənə verilən pul mükafatına mənzil aldım" - MÜSAHİBƏ Kamran Şahsuvarlı: "Bir də gözümü açdım ki, artıq yarımfinaldayam"
Fərdi
13 Oktyabr , 2016 14:46
Azərbaycanın olimpiya medalçısı: Mənə verilən pul mükafatına mənzil aldım - MÜSAHİBƏ

Bakı. 13 oktyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan boksçusu Kamran Şahsuvarlının (75 kq) "Report"a müsahibəsi


"O hadisəyədək bəxtim gətirmirdi"

- Olimpiadaya lisenziyanı Bakıdakı son dünya təsnifat turnirində qazandınız. Cəmi 4 ay öncə keçirilmiş həmin yarışı necə xatırlayırsınız?
- Əslində ilk lisenziya turniri Türkiyədə keçirildi və mən orada birinci döyüşümdə fransalı Kristian Mbilli Assomoya uduzdum. Nəticədə lisenziya qazana bilmədim. Ancaq bilirdim ki, sonuncu lisenziya turniri Bakıda olacaq. Həmin fransalı da Avropada onunla bacara bilmədiyim yeganə boksçudur. Bilmirəm ki, Mbilli ilə necə işləyim... Rəqibim o olmasaydı, elə Türkiyədə lisenziya qazanacaqdım. Bakıdakı turnirdə isə 5-ci yeri tutdum. 1/4 finalda irlandiyalı Maykl O Rilliyə uduzdum. Əslində deyə bilmərəm ki, uduzdum, ancaq qələbəni ona verdilər. O, birinci yeri tutsaydı, mən lisenziya qazanacaqdım. Qismət elə gətirdi ki, həmin irlandiyalı da birinci yerə çıxdı.

- Olimpiadada həmin idmançını görə bildiniz: Rinqdə olmasa da, kənarda görüşdünüz?
- Olimpiya Kəndində gördüm. Ancaq elə oldu ki, həmin idmançı dopinq-testdən keçə bilmədi və nəticədə yarışa buraxılmadı. Hamımız olimpiadaya bir neçə gün əvvəldən getmişdik. Rio-de-Janeyroda Atletlər Kəndində reytinqli boksçuları tez-tez yoxlayırdılar. Məndən isə sonuncu dəfə ABŞ-da toplanışda olanda analiz götürmüşdülər. Amma məndən fərqli olaraq, irlandiyalı boksçudan dopinq çıxdı.  

- Belə çıxır ki, olimpiadada bəxtiniz O Rillinin rəqibləriniz sırasında olmaması baxımından gətirdi...
- Bəxt deyəndə, eyni səbətdə deyildik. Udsaydı belə, onunla yalnız finalda görüşə bilərdim.

- Özünüzü bəxti gətirən biri hesab edirsiniz?
- Əslində yox. Birinci dəfədir belə hal olur. Əksinə, çox vaxt bəxtim gətirməyib. I Avropa Oyunlarından əvvəl də bəxtim gətirmədi. Məşqçilər heyəti mənim əvəzimə 75 kq çəki dərəcəsində başqa boksçunu - Xaybula Musalovu Oyunlara buraxdı.

- Buraxdılar, yoxsa güclü idi deyə seçdilər?
- Hər ikimiz bir dəfə qalib gəlmişik. Əvvəlcə mən udmuşdum, sonra o. Birinci məni seçmişdilər. Sonra elə oldu ki, bir yarışa göndəridim, yaxşı nəticə göstərdim, üçüncü yer tutdum. Sonuncu sınaq turnirində ikinci döyüşdə qazaxıstanlı idmançıya uduzdum. Bu səbəbdən, Avropa Oyunlarına gedə bilmədim. Əslində mən zəif deyildim, sadəcə, Musalov məndən hazırlıqlı, yaxşı idi.

- Musalov Avropa Oyunlarında gümüş medal qazansa da, sonradan zədələndi və olimpiadaya gedə bilmədi. Bu mənada belə demək olarmı ki, 75 kq çəki dərəcəsində Rioya vəsiqə qazanmağınızın özü də elə bəxt amili ilə bağlıdır?
- Yığma üzvləri Avropa Oyunlarından sonra dünya çempionatına hazırlaşırdı. Meksikada toplanış zamanı Musalovun gözünün biri görmədi. Sonradan əməliyyat olundu. Həkimlər dedilər ki, ona vuruşmaq olmaz. Mənim o vaxta qədər bəxtim gətirmirdi. Gedirdim yarışa, amma istənilən nəticələri verə bilmirdim. Sonradan Türkiyədəki turnirlərdən birində qızıl medal qazandım. Artıq nəticələrim müsbətə doğru gedirdi. Hər bir idmançıda eniş və yüksəliş dövrü olur. Həmin vaxt da mənim eniş dövrüm idi.

"Mənə və Sotomayora çəki dərəcələrimizə uyğun telefon nömrəsi bağışladılar"


- Mobil telefon nömrənizdə iki "75" rəqəmi diqqətimizi çəkdi...- Həmin nömrəni mənə 

şəxsi məşqçim Anar Məmmədov hədiyyə edib. Lakin bir müddət əvvəl Qazaxıstanda olduğumdan, nömrəni işlədə bilmirdim. O rəqəmlər çəki dərəcəmi göstərir.

- Adətən, idmançı öz müəlliminə hədiyyə verir. Amma belə çıxır ki, sizə hədiyyəni müəlliminiz verib...
- Belə çıxır da (gülür - red.). Onun dostu telefon mağazasında işləyir. Olimpiadada gümüş medal qazanan komanda yoldaşım Lorentso Sotomayora da, mənə də telefon nömrəsi bağışladı. Sotomayora sonu 64-64, mənə 75-75-lə başlayan nömrələr... 

- Bəs özünüz müəlliminizə nə hədiyyə etdiniz?
- Hədiyyə vermədim, amma şəxsi məşqçi kimi dövlət və Milli Olimpiya Komitəsindən pul mükafatı aldı. 

- Həm Sotomayor, həm də siz "Qəbələ" klubunu təmsil edirsiniz. Bu klubda necə şərait yaradılıb ki, boksçulardan yalnız ikiniz nəticə verdiniz?
- Əslində məşqlərimizi Qəbələdə yox, Bakıda edirik. Onsuz da yığmaya düşəndən sonra klubda məşq etmirdik. Azərbaycan Boks Federasiyasının zalında hazırlaşırdıq. Bu mənada qazandığımız medalda hamının əziyyətinin olduğunu düşünürəm.

- Demək olar ki, əksəiyyət şəxsən sizdən medal gözləmirdi. Bu nailiyyətiniz Azərbaycan Boks Federasiyası və digər şəxslər tərəfindən necə qarşılandı?
- Doğrudan da məndən medal gözləmədiklərini hamı açıq şəkildə deyirdi. Görürdülər ki, mənim o qədər də nəticələrim yoxdur, lisenziya yarışında da 5-ci yeri tutmuşam. Komandamızda dünya çempionları vardı və onlara daha çox üstünlük verilirdi. Hər kəs medal ala bilməz axı. Ancaq heç kim mənim əvəzimə rinqə çıxmır.

- Düşünmürsünüz ki, bu amil sizə kömək etdi, üzərinizdə təzyiq olmadı?
- Razıyam. Heç kim mənə nəsə demirdi. Kimlərəsə deyilirdi ki, səndən medal gözləyirik, sən qələbə qazanmalısan. Amma məndə belə şey yox idi. Fikirləşirdim ki, çıxıb yaxşı döyüş göstərmək lazımdır. Qələbə qazanmağı o qədər də fikirləşmirdim. Adam qələbəni fikirləşəndə yaxşı heç nə alınmır. Belədə isə görüşlərə sərbəst çıxırsan, üzərində təzyiq olmayanda rahat döyüşürsən.

"Qalib gəldiyim boksçuya kumir kimi baxırdım"

- Bir az da olimpiadadakı döyüşlərinizdən danışardınız. Hansı döyüşünüz asan və ya çətin oldu, hansı rəqiblərdən gözlədiyiniz döyüşü görə bilmədiniz?
- Olimpiadaya gedəcəyimi bilirdim və potensial rəqiblərimi də belə tanıyırdım. O cümlədən, titullu boksçuları. Lakin püşk nəticəsində çinli, rusiyalı, qazaxıstanlı və kubalı idmançılara rəqib olacağım ağlıma da gəlməzdi. Sanki bilə-bilə hamısını mənim üzərimə atırdılar. Əvvəlcədən ehtimal edirdim ki, yəqin, dördündən biri ilə döyüşərəm, daha hamısı ilə görüşəcəyimi bilməzdim. Amma olimpiadada udmaq istəyirsənsə, hamısı ilə görüşüb qələbə qazanmalısan.

- Hansısa xüsusi fərqləndirəcəyiniz rəqib olmadı?
- Ən çətin döyüşüm 1/4 final mərhələsində qazaxıstanlı Janıbek Alimxanuliyə qarşı oldu. Bunadək rusiyalı Artyom Çebotaryovu məğlub etmişdim. Çebotaryovun döyüşlərini izləməyə başlayanda mən uşaq idim. Bir növ ona kumir kimi baxırdım. Heç vaxt ağlıma gəlməzdi ki, onunla olimpiadada vuruşacağam. Amma bu döyüş elə də çətin olmadı. Alimxanuli ilə isə Qazaxıstanda birgə toplanışda olmuşdum. Onunla gənclərin yarışında döyüşmüş və yarımfinalda uduzmuşdum. Bu dəfə komanda yoldaşlarım mənə böyük dəstək verdi. Onlar deyirdilər: "Rəqibin dünya çempionudur. Uduzsa, çox şey itirəcək. Lakin sən uduzsan, heç nə itirməyəcəksən. Yaxşı vuruşmaq lazımdır". Digər tərəfdən, boksda 1/4 finalda qalib gəldikcə, ən azı bürünc medalı təmin edirsən. Bu da təzyiq yaradırdı.

- Sotomayorun olimpiya çempionu olmasına hakimlər imkan vermədi. Bəs sizin finala çıxmağınız üçün nə çatmadı? 
- Məndə təcrübə çatmadı. Onlar bütün boks yarışlarlarına, hətta WSB Liqasında döyüşlərə gedirlər. Ancaq mən nə Avropa, nə də dünya çempionatı görmüşəm. Bu, ilk böyük turnirim idi. Sanki səni şirlərin arasına atırlar ki, get, onlarla döyüş. Bununla belə, yarımfinalda uduzduğum kubalı Arlen Lopeslə yenidən rinqə çıxsam, tam fərqli vuruşacağam.

- Doğrudanmı Azərbaycan boksçularına qarşı hakim qərəzi vardı?
- Bəli. Amma təkcə bizim komandaya qarşı yox. Xeyli sayda boksçunu uduzdurdular, haqsızlıqlar edildi. Artıq olimpiadadakı boks yarışlarının idarəçiliyi ilə bağlı araşdırma başladılıb və bir çox hakim diskvalifikasiya olunub. Amma boks döyüşlərində mübahisəli qərarlar həmişə olub və fikrimcə, gələcəkdə də olacaq. Həvəskar boks elədir ki, kimi istəsələr, uduzdururlar, kimi istəsələr, ona qələbə verirlər. 

- Sizi də uduzdurdular?
- Məndə elə idi ki, heç kim medalçı olacağımı gözləmirdi. Rusiyalı, qazaxıstanlı idmançılar əmin idilər ki, məni udacaqlar. Yəni gözləmirdilər. Bu səbəbdən də mənə uduzdular. Bəlkə də mənim uda biləcəyimi gözləsəydilər, başqa cür olardı.

- Bir də ayıldılar ki, artıq Kamran yarımfinaldadır...

- Özüm də gözləmirdim. Bir də gözümü açdım ki, artıq yarımfinalda döyüşürəm.

"Bizdə "ulduz xəstəliyi"nə "qudurmaq" deyirlər"


- Gəncsiniz, hələ qarşıda bir neçə olimpiadaya qatıla bilərsiniz. Amma iştirak edə biləcəksinizmi? Çünki Azərbaycanın əksər idmançıları olimpiadada nəticə qazandıqdan sonra müxtəlif səbəblər göstərərək, idmandan tezliklə uzaqlaşmaq istəyirlər. Üstəlik, onlarda "ulduz xəstəliyi" də yaranır. Bəs sizin hədəfləriniz nədir?
- Zədədən heç kim sığortalanmayıb. Orqanizmim cavandır və hələ zədəm yoxdur. Ancaq "qudurmaq" deyə bir şey ola bilməz.

- Xeyr, qudurmaq yox. "Ulduz xəstəliyi" dedim...
- Bizdə ona qudurmaq deyirlər. Mən başqa cür ailədə böyümüşəm, tərbiyə almışam. Keçmiş nailiyyətimi unutmalıyam. Bu işi gördüm bitdi. Artıq yeni səhifə açılır. Yenidən hazırlaşmaq lazımdır. Demək, bu günə qədər çəkdiyim əziyyətlər "bürünc" dəyərindədir. İndi bundan da çox işləməliyəm ki, finala çıxım, daha yaxşı nəticələr qazanım. Bunu etmək istəyirəm.

- Ailədən danışdın. Bilirik ki, Qazaxıstanda böyümüsünüz. Uşaqlığınız necə keçib, qazaxlarla necə yola gedirdiniz?
- Birincisi, onu deyim ki, Azərbaycanda, Bakıda doğulmuşam. Sadəcə uşaq vaxtı valideynlərimlə Qazaxıstanda yaşamışıq. Atam orada işləyirdi və biz də getmişdik. Məktəbə də Aktobedə getdim. Oranın mentaliteti, dünya görüşü Azərbaycandan fərqlidir. Orada belə şey yoxdur ki, ulduz oldunsa, elə də qalmalısan.

- Uşaqlıqda qazaxlarla dava edirdiniz?
- Əvvəllər orada milli ayrıseçkilik yox idi. Dostlarımın çoxu da qazax idi, dillərini də bilirəm. Rus məktəbini oxumuşam. Mənim üçün heç bir fərq yoxdur. Münasibətlərimiz normal olub, düşəndə dava da etmişəm. Xoşlamadığım insanlar da vardı.

- İndi tam Bakıya köçmüsünüz?
- Təxminən 2 il olar. Karyeramı davam etdirmək üçün Bakıya qayıtdıq. Orada bizi heç nə saxlamırdı. Ancaq daha karyeram, işim burdadır. İstəyirəm ki, atam, anam yanımda olsun.

- Bu yaxınlarda Qazaxıstanda universitet diplomu da almısınız. Ümumiyyətlə, təhsillə aranız necə olub?
- Boksdan əvvəl pis oxumamışam. Sadəcə, gedən kimi birinci sinfə qoydular. Rus dili bilmirdim. Bu səbəbdən, mənə çətin gəlirdi. Nə danışdıqlarını da 5-ci sinfə qədər bilmirdik. Bundan sonra öyrənmişik. Elə də yaxşı oxumamışam. Qiymətlərim "3", "4" olub. İdman kollecini bitirmişəm.

- Məktəbdə yaxşı oxumamısınızsa, universitetə necə qəbul olunmusunuz?
- Orada da imtahan verirsən. 9-cu sinifi bitirəndən sonra imtahan verdim. Test imtahanı idi. Amma əksəriyyəti idman üzrə qabiliyyət imtahanları, digərləri rus və qazax dilində testlər idi. Eşitmişəm ki, Azərbaycanda universitetə daxil olmaq çox çətindir. Kolleci bitirəndən sonra başqa şəhərdə - Uralskda Qərbi Qazaxıstan İnnovasiya Texnologiyalar Universitetinin Bədən tərbiyəsi və idman fakültəsinə daxil oldum.

"Qazaxıstana qayıtmağım mümkün deyil"


- Olimpiadadakı bürünc medala görə nəzərdə tutulan pul mükafatlarını aldınız?

- Bəli.
- Nəyə xərcləmək fikriniz var və ya artıq xərcləyib qurtarmısınız?
- Artıq xərclənib (gülür - red.). Bakıda evimiz yox idi. Bu səbəbdən ev aldım.


- Bakıda doğulduğunuz halda, eviniz yox idi?
- Xeyr. Qazaxıstanda kirayədə qalırdıq. Burada da evimiz yox idi.

- Olimpiadadan qayıtdıqdan sonra tanımadığınız "dostlar" ortaya çıxmayıb?
- Azərbaycanda - Bakıda o qədər də dost-tanışım yoxdur. Öz idmançı dostlarımızla münasibətimiz var. Onları da əvvəldən tanıyıram. Yəni, əksəriyyəti boksçu uşaqlardır. Hərdən olur ki, şəhərdə kimsə tanıyır, bu da adama birtəhər gəlir. Axı əvvəllər tanımırdılar?!

- Qazaxıstanda sizi Azərbaycana buraxdıqları üçün peşmançılıq yoxdur? Hər halda yetişməyinizdə onların da rolu olub, üstəlik, 1/4 finalda qazaxıstanlı boksçunu yenmisiniz...
- Ora böyük yerdir. Mən öz şəhərimdə - Aktyubinskdə çıxış edən boksçu idim. Orada mənim kimi boksçular çox idi. Qazaxıstanda yarışa gedəndə yığmaya düşə bilmirdim. 1/4 finala qədər gəlirdim, uduzdururdular. Güclü boksçuları udurdum, amma turnirə göndərmirdilər. Yığmaya çağırılsam da, məşqçilər məni heç yerə göndərmirdilər. Bizim şəhər sponsorluq etmirdi. Bu səbəbdən, qabağa gedə bilmirdim. Düzdür, deyirdilər ki, Kamran aktivdir. Amma bilməzdilər ki, mən olimpiadaya gedəcəyəm və orada qazaxıstanlı idmançını udacağam. Bizim şəhərdəki məşqçilər "Ürəyin nə vaxt istəsə, qayıda bilərsən" deyirlər. Amma artıq gecdir, qayıtmağım mümkün deyil.

- Amma Azərbaycan ağırlıqqaldıranı Nicat Rəhimov Qazaxıstana getdi və olimpiya çempionu oldu. Onun bu addımını necə qarşıladınız?
- Onun niyə getdiyini bilmirəm. Bilmirəm burada qəbul etməyiblər, yoxsa başqa səbəblərdəndir. Ona görə də heç nə deyə bilmərəm.

- Özü deyir ki, Azərbaycanda ona şərait yaratmadılar, məşqçilərlə yola getmədi. Doğrudanmı Qazaxıstanda şərait bu qədər yüksək səviyyədədir?

- Qazaxıstanda başqa idman növlərini deyə bilmərəm, amma ağırlıqqaldıranların əksəriyyəti əcnəbilərdir. Yerlilər çox az, Çin, Rusiyadan olan idmançılar çoxdur. Boks yığmasına isə yerli idmançıları çağırırlar. Yalnız ağır çəkidə rusiyalı var. Azərbaycanda ağırlıqqaldırmanı deyə bilmərəm, boksa diqqət yaxşı səviyyədədir. Yüksək nəticə göstərirsənsə, sənə hər cür şərait yaradılır. Olimpiadadan sonra federasiyamızın prezidenti Kəmaləddin Heydərov da bizi qəbul etdi və ayrıca mükafat verdi. 

Son xəbərlər

Orphus sistemi