​İsmayıllı velosiped zavodunun tikintisindəki ləngimənin səbəbi açıqlanıb

​İsmayıllı velosiped zavodunun tikintisindəki ləngimənin səbəbi açıqlanıb Sahib Ələkbərov: "iqtisadi, maliyyə məsələləri müəyyən qədər təsir edir"
Fərdi
8 Aprel , 2015 14:00
​İsmayıllı velosiped zavodunun tikintisindəki ləngimənin səbəbi açıqlanıb

Bakı. 8 aprel. REPORT.AZ/ İsmayıllı velosiped zavodunun tikintisi 2015-ci ilin sonları - 2016-cı ilin əvvəllərində başa çatacaq. Bu barədə "Report"a Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.

S.Ələkbərov bildirib ki, iqtisadi və maliyyə məsələləri tikintiyə təsirsiz ötüşməyib: "Zavodun tikintisində problem yoxdur. Ancaq iqtisadi, maliyyə məsələləri müəyyən qədər təsir edir. O zavodda bir qəpik dövlət vəsaiti yoxdur. Tikinti sahibkarlar hesabına aparılır. Onların da müəyyən maliyyə sıxıntısı ola bilər. Amma düşünürəm ki, inşaat işləri bu ilin axırına da olmasa, gələn ilin əvvəlinə qurtaracaq. Respublika Velotrekində muzeyimiz olacaq. Həmin muzeyə İsmayıllıda hazırlanan ilk velosipedi qoyacağıq. Yerini də hazırlamışıq".

Artıq avadanlıqların bir hissəsinin gəldiyini deyən federasiya rəsmisi zavodun bolqarıstanlı mütəxəssislərlə birgə inşa olunduğunu xatırladıb: "Biz də istərdik ki, zavod daha sürətlə tikilsin. Zavodun inşası və velosiped istehsalında bizə bolqarıstanlı sahibkar Draqomir Kuzov kömək edir. O, ötən il Azərbaycana gəlmişdi, bu il də "Tur d Azerbaijan"a fəxri qonaq qismində gələcək. Onun Bolqarıstanda adına uyğun olaraq, "Drag" velosipedi istehsal edən çoxlu zavodu, 8 mağazası var. Zavodları Avropa Velosipedçilər İttifaqının bazası sayılır".

S.Ələkbərovun sözlərinə görə, zavodda nəinki həvəskarlar, hətta peşəkarlar üçün velosipedlər istehsal olunacaq: "Hazırda qarda sürülən, təkərinin eni 10-15 sm olan və motosikleti xatırladan velosipedlər çox dəbdədir. Kuzovun trek, şose üzrə velosipedləri çox gözəldir. Deyir ki, qarda sürmək üçün velosipedlər ötən il daha çox satılıb. Özü də bunu gözləmirmiş. Bundan başqa akkumlyatoru olan hibrid velosipedlər də var. Sürürsən, yorulanda akkumlyatorun hesabına velosipedi saxlayaraq dincəlirsən və sonra yenə sürürsən. Dağ velosipedi, BMX velosipedi və s. də istehsal olunacaq. Onların materialları metal olmayacaq, əksəriyyəti karbon olacaq ki, yüngül olsun. "Drag" markalı velosipedlə şose, trek növlərində dünya çempionluğu qazananlar olub. Çox yüksək keyfiyyətli velosipeddir. Bir sözlə, İsmayıllıdakı zavodda bütün spektrli velosipedlər - uşaqlar üçün nəzərdə tutulandan ən peşəkarınadək buraxacaq".

Vitse-prezident "Drag"la anlaşanadək bir neçə variantın nəzərdən keçirildiyini də söyləyib: "Hələ zavod tikintisinə dair məsələ ortaya çıxdıqda bizim mütəxəssislər çox axtardılar, Avropaya getdilər, Çin, Türkiyə variantını nəzərdən keçirdilər. Sonda "Drag"ın üzərində dayandılar ki, bu, daha keyfiyyətlidir".

Son xəbərlər

Orphus sistemi