İslamiadanın bağlanış mərasimi necə olacaq? - SSENARİ

İslamiadanın bağlanış mərasimi necə olacaq? - SSENARİ Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə ediliəcək
Fərdi
22 May , 2017 20:48
İslamiadanın bağlanış mərasimi necə olacaq? - SSENARİ

Bakı. 22 may. REPORT.AZ/ Bu gün keçiriləcək "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, bağlanış mərasiminin giriş hissəsi salamlama nitqi ilə başlayacaq. İlk olaraq tamaşaçılara Azərbaycan və “Bakı 2017” İslam Həmrəyliyi Oyunları barədə qısa xülasə təqdim olunacaq.

Azərbaycana qısa nəzər

Cənubi Qafqaz bölgəsinin ən böyük ölkəsi - Azərbaycan Qərbi Asiya ilə Şərqi Avropanın kəsişməsində yerləşir. Azərbaycanın şərq sahilləri dünyanın ən böyük, açıq dənizə çıxışı olmayan su hövzəsinə - Xəzər dənizinə qovuşur. Zəngin təbii sərvətləri, çoxəsrlik mədəniyyəti və dərin kökləri olan qonaqpərvərlik diyarı - Azərbaycan bölgədə hər zaman mühüm rol oynayıb. O, qədim tarixi imperiyaların maraq göstərdiyi mühüm məkan olub. Bununla belə, 1991-ci ildə müstəqilliyini bərpa edən bu ölkə, həmçinin gənclər ölkəsidir, çünki əhalisinin 40%-nin yaşı 25-dən aşağı olan insanlardır.

Azərbaycan 2000-2010-cu illərdə dünyada ikinci ən yüksək ÜDM artımına nail olmuş sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Bu inkişaf əsasən təbii sərvətlərlə, yüksələn kənd təsərrüfatı və turizm sənayesi ilə şərtlənir. Azərbaycanda 11 iqlim tipindən 9-u mövcuddur. Onlar yarımsəhra tipindən tutmuş dağ tundra iqlim tipinə qədərdir. Ən yüksək göstəricilərə gəldikdə, temperatur Selsi ilə müsbət 46 dərəcədən mənfi 33 dərəcəyə qədər dəyişir. Mətbəx xalqın tarixində, ənənələrində və dəyərlərində dərin köklər salmışdır. Ləziz xörəklərdən və kabablardan başqa, ən geniş yayılmış yeməklərdən biri də düyü aşıdır. Birliyin rəmzi olan nardan, həmçinin mətbəxdə istifadə olunur. Çoxmədəniyyətli şəhər olan Bakı yarım-səhra torpaqlarla əhatə olunaraq, Xəzər dənizinin sahilində yerləşir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər fonunda hündürlüyü ilə seçilən yeni göydələnlərlə yanaşı, maşınla bir neçə saata şəhərdən kənara çıxsanız, uca Qafqaz dağlarının qoynunda yerləşən qədim kəndləri seyr edə bilərsiniz.

Azərbaycanda yaxın vaxtlarda keçirilən və qarşıdan gələn böyük tədbirlər barədə məlumat verilir

2015-ci ildə ilk Avropa Oyunları və Dünya Şahmat Kuboku Bakıda keçirilib. Növbəti ildə Azərbaycan Dünya Şahmat Olimpiyadası, Arena Polo üzrə Dünya Kuboku, UEFA-nın 17 yaşadək futbolçular arasında Avropa çempionatı və AGF-nin təşkilatçılığı ilə bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edib. 2017-ci ilin yayında, Azərbaycan Qran Pri turniri çərçivəsində artıq ikinci dəfə Bakının küçələrində “Formula 1”-in maşınları yarışacaq. Bu il ərzində şəhərdə həmçinin, Qadınlar arasında Avropa Voleybol Çempionatı keçiriləcək. 2020-ci ildə isə Azərbaycan Avropa Karate Çempionatına, o cümlədən Bakı Olimpiya Stadionunda UEFA-nın Avropa Çempionatının dörddəbir final oyunlarına və üç qrup qarşılaşmasına ev sahibliyi edəcək.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları

2013-cü ilin iyulunda Bakı İslam dünyasını birləşdirən idmanın çox növü üzrə möhtəşəm tədbir – dördüncü İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək şəhər elan olunub. 50-dən artıq İslam ölkəsinin atleti idmanın 20 müxtəlif növü üzrə 10 gündən artıq müddətdə yarışlarda öz dövlətlərini təmsil etmək üçün 2017-ci il mayın 12-dən 22-dək bir araya gəldilər. Yarışlar Bakının ən müasir 16 idman meydançasında 24 növ üzrə keçirilib (atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağır atletika, yunan-roma, sərbəst və qadın güləşi, uşu və zorxana).

Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyevanın rəhbər olduğu Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AISGOC) İslam Həmrəyliyi İdman Federasiyası (ISSF) ilə əməkdaşlıq çərçivəsində bu oyunları təşkil edib və keçirib. Bu yaxınlarda “Bakı 2015” Avropa Oyunlarını qəbul edən Azərbaycan hər zaman idmana vurğunluğu ilə seçilib. “Bakı 2017”ə yatırdığı sərmayə isə 2017-ci ildə “Formula 1” Azərbaycan Qran Pri turniri və UEFA-nın “Avro 2020” futbol matçları kimi tədbirlərə gələcəkdə ev sahibliyi edəcək ölkəyə yeni dividentlər gətirəcək. 

Oyunlar zamanı 16 yarış yerində keçirilən 10 yarış günündə 24 idman növündə 20 idman tədbiri baş tutur. Bu zaman 54 komanda 269 medal dəsti, 1585 medal, 2800 dörd qitədən gələn 2800 idmançı iştirak edib.

Əsas məqamlar

Dördüncü İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi direktor və icraçı prodüser - Katrin Uqvunun rəhbərlik etdiyi dünya şöhrətli “Betty Productions Ltd” şirkəti, eləcə də beynəlxalq bədii, səhnə və texniki heyətlər tərəfindən hazırlanıb.

Ölkənin əsrarəngiz təbiətindən qaynaqlanaraq, bağlanış mərasimində Azərbaycanın zəngin irsi göz önündə canlandırılır, qəlblərimizə hərarət gətirən giləvarın mülayim nəfəsi duyulan küləklər şəhəri Bakıya xoş nəzər salınır.

Bakı Olimpiya Stadionu müasir səs sistemi ilə təchiz olunan 360 dərəcəli nəhəng ifa və konsert məkanına çevrilib. Səhnə elementləri İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının bəzəklərinə əsaslanır. Səhnənin mərkəzində (mayın 12-də açılış mərasimində istifadə olunan) diametri 8 metr olan döymə üsulu ilə hazırlanmış və hamarlanmış böyük su sinisi və 25 metrlik həyat ağacı yerləşdirilir.

Mərasim 1500 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq.

Bu axşamkı mərasimdə səsləndirilən musiqi 10-dan çox Azərbaycan bəstəkarının klassik və müasir əsərlərindən ibarətdir, 100-dən çox dünya şöhrətli musiqiçi, o cümlədən Kral Filarmonik Orkestri tərəfindən ifa olunur.

Atletika yarışları mayın 20-də başa çatdıqdan dərhal sonra səhnə cəmi 36 saat ərzində qurulub. 31 müxtəlif ölkədən gələn 5000-dən artıq insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu “Bakı 2017”-nin mərasimlərini reallığa çevirməyə yardım edir.

Faktlar

Açılış mərasimindəki şouda istifadə olunan 270 dönmə dərəcəli işıq dirəyini bağlanış mərasimində 360 dönmə dərəcəsinə çevirmək üçün 12 nəfər 36 saat vaxt sərf edib.

Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. 300-dən artıq Stadionun səs sistemi üçün 300-dən artıq səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib.

1000-dən artıq işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. 3000-dən artıq başa taxılan qulaqlıq aktyorlara əlaqədə olmaq imkanı yaradıb.

“Bakı 2017”nin mərasimlərinin kostyumlarının tikilməsi üçün 15000 metr parçadan istifadə olunub.

Mərasimlərin heyəti

Mərasimlərin direktoru və icraçı prodüseri Katrin Uqvu, bədii rəhbər Neytan M. Rayt, prodüser Keyt Hinçlif, biznes və maliyyə işləri üzrə müdir Mark Smit, İşıq rəssamı Adam Baset, Səhnə rəssamı Tanasis Demiris, Musiqi direktoru Mayk Dikson, Hava xoreoqrafı Fil Heyz, Kostyum rəssamı Suzan Kulkarni, Vizual məzmun direktoru Riçard Lindsey, Xoreoqrafiya direktoru Maykl Peynia, Səs rejissoru isə Skot Vilsalendır.

Bakının İçərişəhərində gənc qadın qızılı tozu havaya üfürür, giləvar onu qonaqpərvərliyi və xeyirxahlığı ilə məşhur olan ölkəyə hörmət əlaməti kimi hər qapını açaraq, bütün Azərbaycana yayır. Biz Azərbaycanın bir çox təbii və memarlıq abidələrini - Şəki Xan Sarayı, Qobustan Milli Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və Heydər Əliyev Mərkəzini seyr edərək, gəlib Bakı Olimpiya Stadionuna çıxırıq.

Sonra isə biz 10-dan 1-ə geriyə sayaraq, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start veriləcək.

Xəzərdən əsən külək – giləvar Bakının hər yerində hiss olunur. Özü ilə hərarət gətirən giləvar qışı yumşaldır, havanı mülayimləşdirir və nəhayət, baharın müjdəsini çatdırır. Bu külək öz mülayimliyi ilə insanları gözəl bulvara söhbət etməyə və əylənib şənlənməyə sövq edir. Hamını qoynuna alan giləvar küləklər şəhəri Bakıya qonaq gələn hər kəsi salamlayır. Məhz onun müsbət, güclü enerjisi bağlanış mərasimimizin əsasını təşkil edir.

Bu axşamkı mərasimdə 1500 könüllü çıxış edir. Stadiondakı ekranlarda nümayiş etdirilən videoçarxda qızılı toz giləvarın əsməsi ilə bütün Azərbaycana yayılır.

Bağlanış mərasimini başlamaq üçün 10-dan 1-ə geriyə sayıılır.

İlk olaraq Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar salamlanır, sonra Azərbaycanın bayrağı stadiona gətirilir və milli himn ifa olunduğu zaman qaldırılır. Azərbaycan bayrağı Xüsusi Dörvlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilir, üç hərbçi isə, onu qaldırır. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayır.

İslam aləminin atletləri

Bağlanış mərasimi İslam aləminin sülh ruhunda bir araya gəldiyi Azərbaycanda keçən son on gün ərzində bütün atletlərimizə, onların yüksək nailiyyətlərinə ithaf olunur. Bu axşam İslam aləmi atletlərinin hamısı bir nəfər kimi stadiona daxil olur. Bayraqlar gətirildiyi zaman “Amarok” qrupunun ifasında “Naxçıvan halayı” səsləndirilir. İdmançıların paradı zamanı Tünzalə Ağayeva, Samirə Allahverdi, Samirə Əfəndi, Hafex & Sahil Umud, Nigar Camal, Aygün Kazımova, Rilaya, Sahil Umud və Diana Miro Azərbaycanın pop mahnılarını ifa edirlər.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən gətirilir. Sonra, İslam aləminin idmançıları bir yerdə stadiona parad şəklində daxil olurlar. Ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı girirlər. Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanır.

Gedişat

Həyat ağacına su verilir və onun kökləri səhnədə çıxmağa başlayır. Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirir. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilir.

Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirir. İpək zolaqlar Azərbaycanın bayrağını əks etdirmək üçün çevrilir. 300 könüllü bu səhnədə çıxış edir. 8 metr diametri olan mis su sinisi səhnənin mərkəzində yerləşdirilir. 25 metr hündürlüyü olan həyat ağacı həmçinin, səhnənin mərkəzində görünür. 80 metr olan ağacın kökləri səhnənin kənarından çıxır.

1000-dən artıq ağ hava şarları dörd buluda çevrilir və onların hər biri 30 metrlik iplər vasitəsilə aktyorlar tərəfindən hərəkətə gətirilir. 35 zolaq yerdən çıxan Azərbaycanın əbədi odlarını əks etdirir. Qanadlarının uzunluğu 3.4 metr olan 50 süni quş səhnə üzərində uçur.

Daim yaddaşda qalan oyunlar

Azərbaycan İslam aləminin 2800 elit idmançısını fərəh hissi ilə qəbul etdi. Onların ustalığı, onların dostluğu, onların bir-birinə olan hörməti ilham mənbəyidir. Bu axşam, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bir sıra yaddan çıxmaz məqamlarını yenidən seyr edilib.

Xəzər üzərində nur

Ağacımız dərin köklər saldıqca, günəş doğur və Azərbaycanın ənənəvi incəsənəti olan “şəbəkə”-nin parlaq çalarlarına və hikmətli naxışlarına işıq salır. Şüşələr qüruba doğru günəşin şüaları ilə oynayan Xəzərin saf sularına çevrilir. 454 aktyor səhnədə “Qarabağ şikəstəsi”nin sədaları altında çıxış edir. 6 iştirakçı səhnənin üzərində hərəkət edən günəşin daxilində oturur.

Günəş qalxır və səhnə üzərində hərəkət edir. Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilir. Günəşin şüası aşağıda tamaşaya start verir. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırır. Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənir. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçır və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradır. Xəzər dənizi dünyanın ən böyük hər tərəfdən torpaqla əhatə olunan gölüdür.

Giləvar

Burada Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələri görürük. İnsanlar çərpələng və hava şarları ilə oynayır. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçırlar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gəlir. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədilib.

Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxır. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılır. Bu səhnədə küləyin gücü ilə hər növ fırlanan panellər ilə 457 könüllü çıxış edir.

Həmin külək 3 külək turbini, 7 yelkən, 20 çərpələng, 20 kiçik çarx və 20 flüger sayəsində yaradılır. Bu səhnə üçün gözəl kostyumları hazırlamaq üçün 2000 metr neoprendən istifadə edilib. Həmin kostyumlar 12 azərbaycanlı dərzi və toxucu və 5 rəssam tərəfindən yaradılıb.

Həmrəylik ruhu

İşıq saçan aypara qalxır və səhnə üzərində hərəkət edir. Aktyorlar qlobusu saxlayan əlləri və göyərçini formalaşdırır. Sülh rəmzi olan göyərçin dünyanın müxtəlif mədəniyyətlərində rast gəlinir. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradırlar.

Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun verilir. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edir, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandırır. Onlar fəvvarəyə çevrilən su sinisini əhatə edirlər. Su qalxdıqca, parıltılı konfetti Aydan düşür, stadionun damında isə atəşfəşanlıq başlayır.384 könüllü səhnədə çıxış edir. 3 hava ustası Aypara ilə birgə uçur.

Sağ ol, Bakı

Diqqət ekranlara yönəlir və Oyunların uğurla keçirilməsini mümkün edən təxminən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarxı seyr edirik. Onlar müsafirləri yarış yerlərində salamlamaqdan və idmançıları dəstəkləməkdən tutmuş səhnə arxasında yardımın göstərilməsinə qədər müxtəlif rollarda (19 fərqli sahədə bütövlükdə 85 rolda) çıxış etdilər.

Protokol səhnəsində Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar nitqlə çıxış edəcəklər.

Selam İstanbul

Stadion ekranlarında 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri ISSF-in bayrağını endirirlər. Onlar bayrağı digər 8 hərbçiyə təqdim edirlər ki, onu stadiondan aparsınlar.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edəcək.

Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırır.

Birlik konserti

Azərbaycanın altı məşhur müğənnisi - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar bütün idmançıları və qonaqları əyləndirmək üçün səhnəyə çıxırlar.

Tünzalə Ağayeva yan səhnədə “Sürət-2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edirlər. Sonra o, əsas səhnədə iki mahnı ilə “Birlik” konsertini başa çatdırır: “Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam”.

Konsert stadion üzərində gözəl atəşfəşanlıqla başa çatır.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi