Yuxarı

İslamiada: Cüdo yarışının ən yaxşısı adını Azərbaycan millisi qazanıb - VİDEO

IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları Azərbaycan idmançılarının zəfərləri ilə yadda qalıb
© Foto: Cudo.az

Bakı. 20 may. REPORT.AZ/ Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları Azərbaycan idmançılarının möhtəşəm zəfərləri ilə yadda qalıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 3 gün davam edən cüdo yarışının ən yaxşısı adını Azərbaycan millisi qazanıb. Beş çəki dərəcəsində mübarizə aparan kişi cüdoçularımız 5 qızıl, 2 gümüş medala sahib olub. Qadınların yarışında isə Azərbaycan təmsilçiləri 1 qızıl, 5 gümüş medala layiq görülüb. Hesabına 6 qızıl və 7 gümüş mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən cüdo millimiz fərdi yarışlarda 13 medal qazanaraq, həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Cüdoçularımızın ən yaxın izləyici olan Türkiyə oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 3 medal geri qalan qardaş ölkənin təmsilçiləri 10 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü isə bürünc medal olub.

Əlcəzair medal siyahısında üçüncüdür. Bu komanda Bakıdan 1 çempionluq, 2 gümüş və 5 bürünc medalla ayrılıb. Cüdo yarışlarında himni çalınan digər 3 ölkə isə İran, Tunis və Qırğızıstandır. Bakı-2017-də Qazaxıstan, Fil Dişi Sahili, Türkmənistan, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş cüdoçuları da medal qazanmağı bacarıblar.

Azərbaycanın həm kişilər, həm də qadınlardan ibarət milliləri komanda yarışlarında da uğurla çıxış ediblər. Kişi cüdoçularımız bütün rəqiblərinə qalib gələrək İslam Oyunlarının qızıl medallarını qazanıblar. Qadın cüdoçularımız isə yalnız finalda Türkiyə millisinə uduzaraq gümüş medala sahib olublar.

Qeyd edək ki, cüdo yığmamızın heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxalizadə (66 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Erdenebat Bazarraqçaa (48 kq) birinci, Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq), İrina Kindzerska (+78 kq) ikinci yeri tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi