İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında sorğu keçirilib

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında sorğu keçirilib Müəyyən edilib ki, könüllülərin 24%-i ilk Avropa Oyunlarında fəaliyyət göstərənlərdir
Fərdi
25 Yanvar , 2017 12:57
İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında sorğu keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları nəzdindəki “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında sorğu keçirilib. Oyunların Əməliyyat Komitəsinin Media və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, 1000 namizəd arasındakı sorğunun əsas məqsədi proqramın özəlliklərini müəyyən etməkdən, onları "Bakı 2017" Könüllülük Proqramına müraciət etməyə ilhamlandıran səbəbləri, həmçinin, layihədən gözləntilərini öyrənməkdən ibarət olub.

Müəyyən edilib ki, İslamiadanın bir parçasına çevrilmək arzusunda olan könüllülərin 24%-i bundan öncə ilk Avropa Oyunlarında fəaliyyət göstərənlərdir. Digər 76% namizəd isə ilk dəfə könüllü qismində özlərini beynəlxalq səviyyəli idman yarışında sınayacaq.

IV İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramının gənclərdə ən çox nə üçün maraq oyatdığı sualına gəldikdə, cavablar biliklərin artırılması, iş həyatına müsbət töhfə verilməsi, onların özünə olan inam və güvəninin artması, ən vacibi isə tarixi idman yarışlarının bir hissəsi olmaq istəyi olub.

Sorğu zamanı iştirakçılara verilən digər suallardan biri Oyunlardan gözləntilərinin nə olması ilə bağlı olub ki, 58% gənc bu suala "təcrübə" deyə cavab verib. Bununla yanaşı, yeni dostlar qazanmaq, müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmaq imkanları, yeni biliklər əldə etmək kimi məqamlar da sorğu əsnasında xüsusi olaraq vurğulanıb.

Qeyd edək ki, ötən ilin 17 oktyabrında başlanan "Bakı 2017" Könüllülük Proqramında qeydiyyatdan keçmiş namizədlər noyabrdan başlayaraq gündəlik olaraq müsahibələrə dəvət olunur. Fevraladək davam edəcək seçim mərhələsinin sonunda 6000 könüllü bu tarixi idman bayramının bir hissəsi olma fürsətini qazanaraq, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcəklər. Oyunlar 12 - 22 mayda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi