Yuxarı

Tanzaniyanın keçmiş prezidenti: "İndiyədək Bakıya gəlmədiyimə görə təəssüflənirəm"

Skaut hərəkatı gəncləri yaxşı vətəndaş və məsuliyyətli lider yetişdirmək yolunda təlimləndirən mühüm bir təşkilatdır

Bakı. 14 avqust. REPORT.AZ/ "Mən ilk dəfədir Azərbaycandayam və indiyədək Bakıya gəlmədiyimə görə təəssüflənirəm".

"Report"un məlumatına görə, bunu Tanzaniyanın keçmiş prezidenti Cakayya Kikvete Qəbələdə keçirilmiş 13-cü Ümumdünya Gənc Skautlar Forumu və bu gün start götürən 41-ci Ümumdünya Skaut Konfransı haqqında təəssüratlarını bölüşərkən deyib.

Onun sözlərinə görə, Tanzaniyada Skaut Hərəkatının güclü ənənələri var və bura gənclərin böyük bir hissəsi cəlb olunub: "Mən və 4 oğlum skaut hərəkatının aktiv iştirakçısıyıq. Mən prezidentliyim dövründə, oğlanlarım Keniyada treninq üçün açıq təbiətə və ya skaut lagerinə gedərkən təhlükəsizlik xidmətinin əməkdaşları özlərini narahat hiss edirdilər. Mən onlara deyirdim ki, təhlükəsizliyi təmin etmək sizin vəzifənizdir, amma elə edin ki, uşaqlar heç bir skaut tədbirindən qalmasınlar. Mən prezident olarkən həm də Milli Skaut Assosasiyasına rəhbərlik edirdim. Biz çalışırdıq ki, skaut hərəkatı inkişaf eləsin və onun fəaliyyətinə dəstək verirdik. Bütün bunlara görə hərəkatın sıraları yeni üzvlərlə genişlənirdi. Mən skaut hərəkatını çox vacib hesab edirəm. Bu hərəkat gənclərdə vətənpərvərlik hissini artırmaqla, onların cəmiyyət qarşısında borcunu izah edir, cəmiyyət üçün lazımlı işlər görməyi təlqin edir. Skaut hərəkatı gəncləri yaxşı vətəndaş və məsuliyyətli lider yetişdirmək yolunda təlimləndirən mühüm bir təşkilatdır. Skautların əksəriyyəti sonralar hərbçiyə çevrilirlər və onlar sonradan general rütbəsinədək qalxmaqla yüksək vəzifələri tuturlar".

C.Kikvete bildirib ki, Bakı çox gözəl şəhərdir: "Şəhərin çox gözəl təşkil olunmuş planlaşdırması var. Rənglərdən tutmuş binaların dizaynına qədər hər bir şey bir-birini harmonal olaraq tamamlayır. Şəhərin yaşıllığı ona əlavə rəng qatır. Mən Azərbaycanın paytaxtının gözəlliyi barədə sonsuza qədər danışa bilərəm. Baxmayaraq ki, mən burada birinci dəfəyəm. Amma qəti qərara almışam ki, tezliklə daha uzun müddətə burada qalmaq üçün geri qayıdım".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi