İlham Zəkiyev: "Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir"

İlham Zəkiyev: "Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir" "Siz gördüklərinizi mən hiss edirəm"
Fərdi
14 Avqust , 2018 13:35
İlham Zəkiyev: Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir

Bakı. 14 avqust. REPORT.AZ/ “Dünya çempionatının mənim ölkəmdə keçirilməsi çox xoş hadisədir. Bu, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bütün çəki dərəcələri üzrə yarışları diqqətlə izləyəcəyəm”.

“Report”un məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatının əhəmiyyətindən danışarkən deyib.

O, bildirib ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 10 qat dünya, 5 qat Avropa çempionu Teddi Rinerin yoxluğunda Bakıda yeni dünya çempionu fəxri kürsüyə qalxacaq: “Xüsusən də ağırçəkili idmançıların mübarizəsindən xoşum gəlir. Rinerin yoxluğunda yeni dünya çempionu görəcəyik”.

Zəkiyev peşəkar idmana gəlişindən və Qarabağ müharibəsi zamanı ağır yaralanmasından söz açıb. O, güllə yarası aldıqdan sonra 5 gün komada qaldığını xatırladıb: “Cüdo ilə 15 yaşımdan məşğul olmağa başlamışam. Əvvəlcə güləşlə məşğul idim. Çünki bu idman növü Azərbaycanda popluyardır. Ancaq tezliklə başa düşdüm ki, cüdoçular hər şey qazanır. Ona görə də bu istiqamətə keçdim. Yaponları, eləcə də Nazim Hüseynovu izləyirdim. Onun 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının finalında koreyalı Yun Xyunu məğlub etməsini xatırlayıram. Başlanğıcda həvəskar idim. Çox məşq edirdim və bir neçə uğurum vardı. Ancaq 1998-ci ildə hərbi xidmətə çağırıldım. Çox sərt olduğum üçün xüsusi təyinatlılara verildim. Güllə ilə vurulandan sonra 5 gün komada qalmışam. Həkimlər bu cür travmadan sonra sağ qalacağıma inanmayıblar. Bu gün buradayam, amma çox çətin olub”.

Paralimpiya çempionu gənclər üçün nümunə olduğunu da vurğulayıb. O, gənclərə öz tövsiyyələrini çatdırıb: “İlk vaxtlar çox çətin idi. Bütün səylərin nəticəsində bu gün tatamidə özümü sudakı balıq kimi hiss edirəm. Görmürəm, amma əşyaları hiss edirəm. Siz gördüklərinizi mən hiss edirəm. Cüdo mənim həyatımdır. Ölkəmi təmsil etməyimlə və idmanın inkişafına köməklik göstərməyimlə qürur duyuram. Həmçinin, titullarımla da qürrələnirəm. Gənclərə tövsiyə edirəm ki, inadkarlıqlarından əl çəkməsinlər və hər zaman məşqçilərinə qulaq assınlar. Öz üzərinizdə işləyin. Bu gün bir çox gənc üçün nümunəyəm. İctimaiyyət üçün bu vacib rolu üzərimə götürməliyəm”.

Qeyd edək ki, İlham Zəkiyev 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 2 qat dünya və 7 qat Avropa çempionu, eləcə də "Bakı-2015" I Avropa Oyunlarının qalibidir.

Son xəbərlər

Orphus sistemi