Yuxarı

FIDE İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirəcək Qran-pri təsis edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirəcək Qran-pri seriyası təsis edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, tamaşaçı və oyunçuların marağını artırmaq üçün nəzərdə tutulmuş turnir yeni formatda keçiriləcək. FIDE sıralamasında ən yaxşı reytinqə malik 20 şahmatçı mübarizəni dayandırma üsulu ilə 4 turnirdən 3-də iştirak edəcək.

Qran-prinin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazancaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. FIDE əlavə olaraq, 280 min avroluq mükafat fondunu Qran Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Qran Pri seriyasının tarixləri yanvarın 28-də, yarışların keçiriləcəyi ölkələr isə fevralın 4-də elan olunacaq.

Qeyd edək ki, Azərbaycanın kişi şahmatçılarından yalnız ikisi FIDE reytinqində “20-lik”də yer alıb. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) açıqladığı 2019-cu ilin ilk reytinq siyahısında Şəhriyar Məmmədyarov 2817 xalla 3-cü, Teymur Rəcəbov isə 2757 xalla 14-cü sıradadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi