Yuxarı

Cəbrayıl Həsənov: "Ermənilərlə güləşəndə yalnız qələbəni düşünürük" - MÜSAHİBƏ

"Güləşçilərimiz ermənilər üzərində möhtəşəm qələbələr qazandı"

192

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Cəbrayıl Həsənovun "Report"a müsahibəsi

- İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazandınız. Ötənilki titulunuzu qoruya bilməməyinizin əsas səbəbi nə idi?

- Mən də istəyirdim ki, qızıl medal qazanım. Azərbaycanda 4-cü dəfə bunu əldə edən yoxdur. İstəyirdim ki, 4 qat Avropa çempionu olum. Bəzi zədələrim buna imkan vermədi. Amma buna baxmayaraq, medalsız qayıtmadım.

- Builki zəif nəticənin əsas səbəbi zədə idi?

- Bəli. İki yerdə zədəm var. Məşq prosesini də tam keçə bilmədim. Tam olaraq hazır deyildim.

- Hazırda zədənizin durumu necədir? Məhz buna görə yığma komandadan kənarda qalmısınız...

- Boyun fəqərəmdə yırtıq, ayağımda isə çat var. Hazırda zədələrimi müalicə edirəm. Növbəti təlim-məşq toplanışında milliyə qoşulmağa çalışacağam.

- Romadakı yarışın 1/4 finalında Ermənistan təmsilçisi Arman Avaqyanı məğlub etdiniz. Milli komanda olaraq qitə yarışında ermənilərə qarşı aşkar üstünlüyünüz oldu. Siz onlarla görüşə əlavə motivasiya ilə çıxırsınız?

- Əlbəttə. Güləşçilərimiz ermənilər üzərində möhtəşəm qələbələr qazandı. Ağahüseyn Mustafayev və yunan-Roma güləşçisi Sənan Süleymanovu misal göstərə bilərəm. Erməniləri məyus etdilər. Biz onlarla güləşəndə ancaq qələbə haqqında fikirləşirik. Mən də Ermənistanın bir idmançısı ilə üz-üzə gəldim və onu məğlub edə bildim.

- Tokio-2020 Yay Olimpiya Oyunları üçün hansı lisenziya turnirinə qatılmaq istəyirsiniz?

- Böyük ehtimalla, martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazır ola bilməyəcəyəm. Hazır olsam, apreldə Bolqarıstanın paytaxtı Sofiyadakı təsnifat yarışında iştirak etmək istəyirəm. Məşqçilər məsləhət görsələr, ikinci yarışda iştirak etmək niyyətindəyəm. Əsas hədəf orada lisenziya qazanıb, olimpiadaya hazırlaşmaqdır.

- Təsnifat yarışında və qismət olsa, olimpiadada sizi hansı çəkidə görəcəyik?

- 86 kq çəki dərəcəsində çıxış etmək istəyirəm.

- Bu çəkidəki rəqabətdən xəbardarsınız?

- Lisenziya turnirində iştirak edəcək güləşçilərin çoxunu tanıyıram. Çoxları ilə də güləşmişəm. Hazır olsam, lisenziya da qazanaram. Niyə də olmasın?

- 86 kq-ı Avropa çempionatında sınamaq olmazdı?

- Romadakı yarışda bu çəkidə mübarizə aparmaq istəyirdim. Federasiya rəhbərliyi və məşqçilər dedilər ki, qeyri-olimpiya çəkisi olan 79 kq-da çıxış etsən, yaxşı olar. Həm də tam hazır deyildim. Son təlim-məşq toplanışında zədəyə görə yaxşı məşq edə bilmədim.

- "Tokio-2020" sizin üçün sonuncu olimpiada ola bilərmi?

- Mənim üçün, bəlkə də, sonuncu ildir. Qismət olsa, sonuncu dəfə olimpiadada çıxış edəcəyəm. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi