Güləş qaydaları yenidən dəyişdirilib

Güləş qaydaları yenidən dəyişdirilib 5 xallıq qiymətləndirmə bərpa edilib
Fərdi
1 May , 2015 13:10
Güləş qaydaları yenidən dəyişdirilib

Bakı. 1 may. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) yunan-Roma güləşi qaydalarında bəzi dəyişikliklər edib. "Report" xəbər verir ki, dəyişikliklər qarşıdakı aylarda beynəlxalq yarışlarda sınaqdan keçirildikdən sonra qüvvəyə minəcək. 

Bura qayda pozuntuları ilə əlaqədar cərimələrin artırılması, zonadan kənarlaşdırmaya görə qiymətləndirmənin açıqlanması və məşhur 5 xallıq qiymətləndirmənin bərpa edilməsi daxildir. 

Qayda pozuntularına görə edilən dəyişikliklər daha çox diqqəti cəlb edəcək. Əəvvəllər ayaqla hərəkətlər, başla zərbə və ya parterdə düzgün oturmamağa görə qayda pozan güləşçiyə sadəcə xəbərdarlıq edilirdisə, yeni qaydalarda əsasən, rəqibə əlavə 2 xal da veriləcək. Bu cəzalandırma parterdə olarkən "açılmayan" (fəndin icrasına mane olan) güləşçilərə də şamil ediləcək. 

Güləşçilərin rəqibi xalçanın kənarına itələyərək xal qazanmağa meyl etməməsi üçün xalçadan kənarlaşdırmaya görə tətbiq olunan cəzalandırma qaydası dəyişdirilib və daha da sərtləşdirilib. Yeni qaydaya əsasən, rəqibi xalçadan itələyərək kənarlaşdırmağa görə güləşçiyə xal verilməyəcək. 

Qolların hərəkətindən asılı olmayaraq, beldən tutma fəndinin icrası güləşçiyə əvvəl 1 xal qazandırırdısa, indi 2 xal qazandıracaq. Beldən tutma fəndinin ardıcıl icrasındakı qiymətləndirmə isə əvvəlki qaydada saxlanılır.

UWW güləşə marağın və baxımlılığın daha da artırılması məqsədilə rəqibi böyük amplitudalı fəndlə təhlükəli vəziyyətə salan güləşçinin 5 xalla qiymətləndirilməsi qaydasını da bərpa edib. 

Xəbərdarlığa görə diskvalifikasiyaların baş verməməsi üçün passivliyə görə xəbərdarlıq verilməsi ləğv edilib. Yalnız aşkar şəkildə rəqibin qarşısından qaçmaq, xalçadan kənara qaçmaq və digər bu kimi hallarda xəbərdarlıq veriləcək. İlk qayda pozuntusuna görə şifahi xəbərdarlıq, ikinci dəfə isə artıq güləşçiyə ayaq üstə və ya parterdə davam etmək üçün seçim imkanı veriləcək. Bu seçim yalnız böyüklər yaş qrupuna aiddir. İstənilən passivliyə görə ardıcıl ikinci xəbərdarlıq nəticəsində rəqibə 1 xal verilir və parter vəziyyəti üçün məcburi seçim edilir. Ancaq yeniyetmə və gənclərdə məcburi parter vəziyyəti ləğv edilib. Böyüklər yaş qrupunda isə parter vəziyyəti ilə bağlı dəyişikliyə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra yenidən baxılacaq. 

Yeniyetmə, gənclər və U-23 yaş qrupunda birinci passivliyə görə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi xəbərdarlıq, üçüncü dəfə isə rəqibə 1 xal verilməsi nəzərdə tutulur. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1 xal verilərək qiymətləndiriləcək. Passivliyə görə edilən xəbərdarlıq və rəqibə xal verilməsi üçün görüş dayandırılmayacaq. 

Bu dəyişikliklər 6 - 11 mayda Qətərin paytaxtı Dohada keçiriləcək böyüklər arasında Asiya çempionatında və 6 - 8 mayda Kubanın paytaxtı Havanada təşkil olunacaq yeniyetmə və gənclərin Pan-Amerika Çempionatında qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi