Gənclər və İdman Nazirliyində taekvondo üzrə Azərbaycan yığması ilə görüş keçirilib

Gənclər və İdman Nazirliyində taekvondo üzrə Azərbaycan yığması ilə görüş keçirilib Gələn il bir sıra yeni bazaların açılacağı bildirilib
Fərdi
15 Dekabr , 2016 16:48
Gənclər və İdman Nazirliyində taekvondo üzrə Azərbaycan yığması ilə görüş keçirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində taekvondoçu kişilərdən ibarət Azərbaycan yığmasının Bakıda keçirilən komandalararası dünya çempionatındakı çıxışına və Azərbaycan Taekvondo Federasiyasının Ümumdünya Taekvondo Federasiyası tərəfindən "İlin ən yaxşı milli assosiasiyası" seçilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan nazir müavini İsmayıl İsmayılov millinin mundialdakı çempionluğunu yüksək qiymətləndirib.

O, taekvondoçuların qarşıdakı yarışlarda da uğurlu çıxışına inam ifadə edib.

Federasiyasının vitse-prezidenti Nağı Səfərov da qələbəyə münasibət bildirib: "Yığmamız hələlik Olimpiya növləri üzrə çempionatı qazanan ilk komandadır. Yarışda dünyanın 8 ən güclü komandası iştirak edir. Bu il də kuboku heç kimə vermədik və Azərbaycanda qaldı".

N.Səfərov qadınlardan ibarət Azərbaycan yığmasının komandalararası dünya çempionatında zəif çıxışına da toxunub. Onun sözlərinə görə, olimpiadadan 2 ay sonra belə yarışda iştirak təqvim planında olmayıb: "Kişilərdən ibarət komandamız buna hazır oldu. Lakin qadın taekvondoçularımız bunu bacarmadı".

O, 2017-ci ildə bir sıra yeni bazaların açılacağını qeyd edib. Baş katib ilk bazanın cəbhə bölgəsi Ağdamda açmasının planlaşdırıldığını söyləyib.

Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin Qran-pridə məğlubiyyətinə aydınlıq gətirib. O, Olimpiya çempionunu dünya çempionatına buraxmaq istəmədiklərini deyib: “Biz Radiki Qran-priyə buraxmaq istəmirdik. Lakin qaydalara əsasən o yarışda iştirak etməliydi. Onun orda döyüşməməsi üçün tibbi arayış lazım idi. Bu onun Qran-priyə qatılmadan dünya çempionatında iştirakı üçün lazım idi. Amma Bakıda qalib gələn idmançı belə reytinqdə ona çatmadı".

Tədbirdə yığmamızın titullu idmançıları Ramin Əzizovla Günay Ağakişiyevanın əsas heyətdə yer almamasının səbəbi də açıqlanıb. Bildirilib ki, onlar hazır olduqda yığmada yer alacaqlar.

Son xəbərlər

Orphus sistemi