Yuxarı

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk dəfə pilotları azyaşlılar müşayiət edəcəklər

Bakı. 28 aprel. REPORT.AZ/ “Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk dəfə paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, “qrid uşaqları”nın çıxışı “Formula-1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən baş tutacaq.

Bildirilib ki, məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini F1 azarkeşləri, xüsusən də gənclər üçün daha maraqlı etməklə yanaşı, uşaqlar və yeniyetmələr arasında avtomobil idmanını təbliğ etməkdir.

Bu təşəbbüsü ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə F1 Qran-prisinin promouteri olan BŞH birgə həyata keçirir. AAF və BŞH azyaşlıları bu unikal fürsətlə təmin etməklə, onlara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.

Qeyd edək ki, “Gələcəyin ulduzları” Azərbaycan Avtomobil Federasiyası tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilib. 20 uşağın (10 qız və 10 oğlan) hər biri mərasim zamanı bir pilotun yanında dayanacaq.

Azərbaycan Qran-prisində iştirak edəcək “Gələcəyin ulduzları” üçün yarış həftəsonuna dair təlimlər keçirilib və aprelin 25-də görüş zamanı uşaqlara müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, bu gün saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Bazar günü saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi