"Formula 1" üzrə Fransa Qran-prisi ləğv olunub.
"Report"un məlumatına görə, bu barədə "Formula 1"in rəsmi "Twitter" hesabı məlumat yayıb.
Səbəb kimi yerli hökumətin ölkədə kütləvi idman yarışlarına qoyulan qadağa müddətini iyulun ortalarınadək uzatması göstərilib. Fransa Qran-prisinin icraçı direktoru Erik Bulyo bütün diqqətləri 2021-ci ilə yönəltdiklərini bildirib. Builki yarış iyunun 28-nə nəzərdə tutulurdu.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.