Ənvər Məhəmmədhacıyev: "Saypulla Absaidova heç kim "yığmadan get" deməyib" - MÜSAHİBƏ

Ənvər Məhəmmədhacıyev: "Saypulla Absaidova heç kim "yığmadan get" deməyib" - MÜSAHİBƏ Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna əsas namizəd, yığma üzvləri - Şərif Şərifov və Cəmaləddin Məhəmmədovun şəxsi məşqçisi Ənvər Məhəmmədhacıyevin “Report”a müsahibəsi...
Fərdi
28 Sentyabr , 2019 12:15
Ənvər Məhəmmədhacıyev: Saypulla Absaidova heç kim yığmadan get deməyib - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna əsas namizəd, yığma üzvləri - Şərif Şərifov və Cəmaləddin Məhəmmədovun şəxsi məşqçisi Ənvər Məhəmmədhacıyevin “Report”a müsahibəsi...

- Hazırda Dağıstanın gənclərdən ibarət yığmasında böyük məşqçi, Rusiya millisində isə məşqçi kimi fəaliyyət göstəririsiniz. Neçənci ildən Şərifovla Məhəmmədovun şəxsi məşqçisisiniz?

- Onlarla karyeralarının əvvəlindən, 12 yaşlarından Mahaçqalada çalışdığım Həmid Həmidov adına İdman Məktəbində məşğul oluram. Hər ikisi Azərbaycan millisində olduqları üçün imkan tapanda Bakıya gəlirəm və mötəbər yarışlara hazırlıq üçün onlara kömək edirəm.

- Onların Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatındakı çıxışları barədə nə deyə bilərsiniz?

- Dünya çempionatına hazırlıq Bakıda oldu. Yarışa çox yaxşı hazırlaşdıq. Cəmaləddinin yeganə problemi Avropa çempionatında çiynini zədələməsi idi. Əməliyyat keçirdiyi üçün 6 ay çiynini tərpədə bilmirdi. Uzun müddət zədədən müalicə adlı, döşəyə çıxa bilmədi. Ona görə də dünya çempionatında ilk görüşlərdən sonra çiynindən şikayətlənirdi, tam bərpa olunmamışdı. Mundial bir ay sonra keçirilsəydi, onun üçün bir qədər asan olardı. Bu amil çıxışına təsir göstərdi. 1/4 finalda ötənilki dünya çempionatının çinli gümüş mükafatçısı Jivey Denqə qalib gələ bilsəydi, qızıl medala iddia edə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilərdi. Şərifə gəlincə, çempionatın başlamasına bir həftə qalmış öyrəndik ki, 97 kq çəkidə çıxış etməli olan Nurməhəmməd Hacıyev zədə alıb. Ona görə də Şərifov daha ağır çəki dərəcəsinə keçməli oldu. O, artıq 3-4 ildir bu çəkidə çıxış etmirdi. Bu qədər fasilədən sonra özünü 97 kq-da yaxşı tərəfdən göstərdi. Şərif 1/4 finalda gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadzeni üstələyərək, “Tokio-2020”yə vəsiqə əldə etdi. Yarımfinalda isə ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Snayderi üstələdi. Final görüşü ərəfəsində onun çəkisi 94 kq idi. Bu da finalda həlledici oldu və rusiyalı ikiqat Avropa çempionu Abdulrəşid Sadullayevə uduzdu. Olimpiadaya hələ bir il var, yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, uyğun çəkidə optimal formada olsun.

- Bəs komandanın digər üzvləri necə təsir bağışladı?

- Yığma dünya çempionatına yaxşı hazırlaşdırılmışdı. Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevin çıxış etdiyi 65 kq çəki dərəcəsində birinci qrupda çempionluğa 6 namizəd var idi. Hacı Əliyevin ilk görüşdə uduzduğu rusiyalı Hacımurad Rəşidov dünya çempionudur. Həmçinin ikinci təsəlliverici görüşdə yenildiyi Takuto Otoquro da daha öncə mundialın qalibi olub. Vladimir Xinçeqaşvili olimpiya, dünya və Avropa çempionudur. Bu, püşk yox, yarışı, iştirakçıları ələ salmaq, digər qrupdakı meydan sahiblərinin idmançısının irəli getməsi üçün idi. 57 kq çəkidə Mahir Əmiraslanov ilk görüşünü rusiyalı dünya çempionu Zavur Uquyevə qarşı keçirdi və uduzdu. Təsəlliverici görüşdə isə monqolustanlı dünya mükafatçısı, Asiya çempionu və Asiya Oyunlarının qalibi Bexbayar Erdenebatla düşdü və məğlub oldu. Bu cür püşklə müqayisədə, olimpiada heç nədir! Bu, “ölüm qrupu” olan püşk idi. Lisenziyaya əsas namizədlər eyni qrupda idilər. Amma Azərbaycanın elə bu güləşçiləri gələn il keçiriləcək təsnifat yarışlarında olimpiadaya lisenizya qazanacaqlar. İşləyəcəyik, hamısının böyük potensialı var.

- Dünya çempionatı ərəfəsində Saypulla Absaidovun Azərbaycanın sərbəst güləş millisinin baş məşqçi postundan gedişi komandaya mənfi təsir etmədi?

- Bu “mətbəx”ə şərh vermək mənlik deyil, kənar şəxsəm. Fikrimcə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən baş məşqçiyə qarşı heç bir xoşagəlməz hal olmayıb. Deyəsən, orada məşqçilər arasında hansısa anlaşılmazlıq yaşanıb. Bildiyimə görə, federasiyanın prezident əvəzi Namiq Əliyev ona “yığmadan get” deməyib. Görünür, özü istəyib. Bu, onların problemidir, daxili "mətbəx"idir və açığı, qarışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, iştirak etdiyim iclaslarda Absaidovun ünvanına yığmanı tərk etməli olduğu və ya buna bənzər heç nə deyilməyib. Özü belə qərar verib, deməli, istəməyib. Millidə komanda ilə uzun müddət işləyən təcrübəli məşqçilər var. Hamısı heç kimdən geri qalmayan layiqli oğlanlardır. 

- Azərbaycanın sərbəst güləş üzrə yığmasına rəhbərlik etməyinizlə bağlı qeyri-rəsmi də olsa, təklif almısınız?

- Belə söhbət olub ki, millinin heyətinin yarısı legionerlərdir və mən orada işləməyə razı olsam, istəsəm, uşaqlara da rahat olar. Federasiya rəhbərliyi məni dəvət etmək barədə düşünməyin mümkünlüyü qeyd etmişdilər. Yəni, mövzu belə idi ki, onlar istəsələr, mən qəbul edə bilərəmmi? Qısa söhbət olmuşdu.

- Gələn ilin fevralında Avropa çempionatı, aprel və may aylarında isə lisenziya xarakterli turnirlər var. Hələlik sərbəst güləşdə cəmi 1 lisenizya qazanıldığı üçün qarşıda çətin tapşırıqlar olacaq. Baş məşqçi olsanız, buna hazırsınız?

- Məmuniyyətlə kömək edər, işləyərdim. Fikrimcə, bu uşaqlar bütün çəkilərdə lisenziya qazanmalıdırlar. Azərbaycan millisində çox yaxşı, təcrübəli məşqçilər var. Həm Arif Abdullayev, həm də Zəlimxan Hüseynov istənilən yığma üçün tapıntıdırlar. Onlar səhərdən axşamadək işləyir, komanda haqda düşünürlər. Güləşçilərin də bu mütəxəssislərlə necə məmuniyyətlə çalışdıqlarını görürəm. Azərbaycan millisinin “Tokio-2020”də tam heyətlə çıxış edəcəyini düşünürəm.

- Sizin rəhbərliyiniz altında?

- Bəli, ola bilər (gülür). Buna rəhbərlik qərar verəcək. Əlbəttə, mənim rəhbərliyim altında olmasını istərdim. Lakin mənimlə və ya mənsiz də Azərbaycanda həmişə güclü güləş olub, olacaq. Yənu, heç bir problem yoxdur. Bu mənim üçün şərəfli, əla vəzifə olar. Belə bir təkif olarsa, Azərbaycanın Gənclər və İdman Nazirliyi, Güləş Federasiyasına təşəkkürümü bildirərəm.

- Baş məşqçi məsələsi yaxın vaxtlarda həllini tapa bilərmi?

- Bəli, yəqin ki, elə olacaq. Tezliklə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayacaq. Həmin vaxta qədər nəyin necə olacağına qərar verməliyik.

- Sizi millinin baş məşqçisi postuna əsas namizəd saymaq olar?

- Xeyr, hələlik bilmirəm. Özləri qərar verəcəklər. Bu cür milli komandaya rəhbərlik etməyə şad olaram. Mən hələ Rusiyanın gənclər yığmasında da məşqçi kimi çalışıram. Ona görə də hər şey danışmaq, müzakirə etmək lazımdır. Orada da əmək haqqım pis deyil. Azərbaycana gəlməklə həmin işimi itirirəm. Bu kimi məqamlar var.

Son xəbərlər

Orphus sistemi