Yuxarı

Eldəniz Əzizli: "Ulduz xəstəliyi"nə tutulacaq yaş dövrünü geridə qoymuşam" - MÜSAHİBƏ

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu il ilk dəfə böyüklər arasında Avropa və dünya çempionu olan yunan-Roma güləşçi Eldəniz Əzizli Azərbaycan Güləş Federasiyasının rəsmi saytını suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Əvvəlcə sərbəst güləşlə məşğul olsanız da sonradan yunan-Romaya keçmisiniz. Dəyişikliyin səbəbi nə idi?

- O vaxt Namiq Abdullayevin olimpiya çempionluğuna görə sərbəst güləşə maraq, axın daha böyük idi. Atamın xalasıoğlu şəxsi məşqçim idi. Bir müddət sonra sırf yunan-Roma güləşi üçün zal açdı. Atama da “uşağı bura gətir” dedi. Mən də beləcə yunan-Roma güləşinə keçdim.

- İlk yarışınızı xatırlayırsınız?

- Əlbəttə. 1999-cu ildə Beyləqan birinciliyində iştirak etdim və çempion oldum.

- Bəs beynəlxalq arenada debütünüz haqda nə deyə bilərsiniz?

- Yeniyetmələr arasında ölkə çempionatında 3-cü yeri tutmuşdum. Çempion olan güləşçiylə Gürcüstanda keçirilən Qaradəniz oyunlarında bizi sınaqdan keçirdilər. Həmin yarışın qalibi oldum. Belədə məni Avropa çempionatına göndərdilər. Mən də ümidləri doğruldaraq, 2007-ci ildə qitə birinciliyinin qalibi oldum.

- 2011-ci ildə böyüklər arasında Avropa çempionatında bürünc medal qazandıqdan sonra böyük boşluq yarandı. Uzun müddət nüfuzlu yarışlarda mükafatçılar sırasında görünmədiniz. Bu, çəkinizdəki güclü rəqabətdən irəli gəlirdi?

- Bizdə o vaxt rəqabət güclü idi. Məndən başqa Rövşən Bayramov, Elçin Əliyev və Orxan Əhmədov kimi güclü güləşçilər 55 kq-da çıxış edirdi. Kim yarışa gedirdisə, vətənə medalsız qayıtmırdı. O zaman yuxarı çəkilərimiz zəif idi deyə, Dünya Kubokunda uğurlu çıxış edə bilmirdik. İndi artıq bu problem aradan qalxıb.

- Kumiriniz kimdir?

- Rövşən 2007-08-ci illərdə ardıcıl iki dəfə Avropa çempionu olanda onu özümə kumir seçmişdim. Ancaq sonradan rəqib olduq. Dünya arenasında isə iranlı Həmid Sorianı bəyənmişəm.

- 2015-ci ildə gözlənilmədən sərbəst güləş üzrə ölkə çempionatında iştirak etdiniz. Bu addımı atmağınıza səbəb nə oldu?

- İranlı Cəmşid Xeyrabadi baş məşqçi olandan sonra onunla aramda münaqişə yaşandı. Ona görə də sərbəst güləşə keçmək qərarına gəldim. Ölkə çempionatında yarımfinaladək irəlilədim. Ancaq o dövrdə yunan-Roma növü üzrə gənclərdən ibarət yığmanın baş məşqçisi olan Şaban Donat mənə 2015-ci ildə ilk dəfə keçirilən U-23 Avropa çempionatında çıxış etməyi təklif etdi. Bu, mənim üçün ikinci start idi. Həmin yarışda bürünc medal qazandım. Beləliklə, yenidən yunan-Roma güləşinə qayıtdım.

- Bir ara yunan-Roma güləşində ən aşağı kateqoriya 59 kq idi. Bu çəkidə çıxış etmək niyə çətinlik yaradırdı?

- Məsələ burasındadır ki, mənim elə öz çəkim 59 kq-dır. Amma yarış vaxtı 65-66 kq-da olan güləşçilər çəkilərini 59 kq-a salırdı. Əvvəl çəki mərasimi bir gün əvvəl olurdu. Yarış günü daha ağır güləşçilər çəkisini artırmaq imkanı qazanırdı. Bu da çətinlik yaradırdı. Amma indi vəziyyət dəyişib. Yarış günündə çəki mərasimində iştirak edirsən və daha sonra xalça üzərinə çıxırsan. Bu, mənim üçün münasibdir.

- Çəki məsələsinə bir daha qayıdacağıq. Avropa çempionatına yollananda sırf qızıl medalı hədəfləmişdiniz?

- Belə demək bir az pis çıxır. Həqiqətən Avropa çempionatına gedəndə özümü çempion kimi görürdüm. Mən Həmid Sorian, Rövşən Bayramov kimi güclü və təcrübəli güləşçilərlə mübarizə aparmış idmançıyam. Bu gün o dönəmdən 1-2 nəfər qalıb. İndi 55 kq-da gənc güləşçilər çıxış edir. Mən daha təcrübəli idim və rəqiblərimin məndən çəkindiyini düşünürdüm. Özümə güvənirdim. Gürcü idmançı yaxşı rəqib idi. Bu il onunla 4 yarışda üz-üzə gəlmişəm və hamısında udmuşam. Üçündə təmiz qələbə qazanmışam. Yalnız dünya çempionatında çətinliklə üzləşdim. Məni yaxşı təhlil etmişdi. Zədəli qolumdan tuturdu... Avropa çempionatında əsas rəqib onu görürdüm. Ancaq Rusiya idmançısıyla görüş daha çətin keçdi. İlk saniyələrdə buraxdığım səhvə görə rəqib 7 xal qazandı. Onun məşqçisi “Çelenc”dən istifadə etdi ki, bəlkə hansısa fəndə görə 1 xal artıq verilər və qarşılaşma vaxtından əvvəl başa çatar. Çünki bilirdi ki, ayağa dursam, qalib gələ bilərəm. “Çelenc” də qəbul olunmadı. Udacağıma inanırdım. Turac müəllimə baxdım. “Necə udacaqsan”, - dedi, “səbr elə, qalib gələcəyəm” söylədim. Bircə onu arzulayırdım ki, “Çelenc”də rəqibə artıq xal verməsinlər. Başqa heç nə istəmirdim. Elə də oldu və geridönüş edərək qalib gəldim.

- Finalda gözlənilməz rəqiblə - Estoniya idmançısıyla qarşılaşdınız...

- Final mənim üçün daha asan keçdi. Əslində Türkiyə güləşçisinin finala çıxacağı gözlənilirdi. Çünki Ekrem Öztürk bu yarışa qədər 55 kq-da reytinqdə birinci yerdə idi. Ancaq Helari Maqisalu ilə görüşdə səhvə yol verərək uduzdu. Mənim üçün əsl final Vasili Topoevlə yarımfinal görüşü oldu.

- Dünya çempionatında bu qədər rahat qalib gələcəyinizi gözləyirdiniz?

- Açığı, yox. Avropa idmançılarından çəkinmirdim. Çünki onlar o qədər də texnikaya üstünlük vermir. Güc və parterə diqqət yetirirlər. Ancaq Asiya güləşçiləri daha texnikalı olur. Onlarla yaxın məsafədən güləşmək həmişə bizə çətin olub. Onlar bütün fəndləri yaxşı icra edə bilir. Yaponiya və Qazaxıstan güləşçilərindən bir qədər çəkinirdim.

- Güləşdə qaydalar tez-tez dəyişir. İndiki qaydalar sizə daha uyğundur?

- Bəli. Əvvəl heç kim risk etmək istəmirdi. İndi açıq rəqabətdir, 6 dəqiqə vuruşmalısan. Rahat fənd edə bilərsən. Hesabda geriyə düşsən də, gəlib keçmək üçün vaxtın olur.

- Adətən dünya çempionları bir müddət fasilə götürür, ancaq siz belə etmədiniz. Budapeştdə keçirilən mundialdan sonra klub turnirlərində iştirak edirsiniz...

- Əslində yorğunluq hələ canımdan çıxmayıb. Klublarda güləşməyə bilərdim. Ancaq çətin vaxtlarımda klublar mənə dəstək olub. Xeyrabadi məni turnirlərə göndərməsə də, Almaniya klublarında yarış təcrübəsi qazanırdım. Bundan da əlavə maliyyə dəstəyi var idi. Bundesliqada fevralda “transfer pəncərəsi” açılır. Hər klub heyətinə maksimum 3 əcnəbi daxil edə bilər. Bu müqavilələr də ilin əvvəlində bağlanılır. Çünki yarış başlayandan sonra heyətə legioner qatmaq mümkün olmur. Mənim də müqaviləm onda imzalanmışdı. Bundesliqada 20 güləş klubu çıxış edir. Paralel olaraq İran klubunda da çıxış edirəm. Dekabrın 20-21-də Ərdəbildə klublararası dünya çempionatının final mərhələsində iştirak edəcəyik. Bizim komandada məndən başqa Rusiyanın 3 titullu güləşçisi – Artyom Surkov, Adam Kurak və Roman Vlasov yer alıb. Bizim klub çempionluğa iddialıdır.

- Gələn ilin əvvəlindən 60 kq-a keçməyi planlaşdırırsınız?

- Bu il bir çox yarışlarda elə 60 kq-da çıxış etmişəm. Gələn ildən də bu çəkidə mübarizə aparacağam. Avropa çempionatında isə məşqçilərlə məsləhətləşib bir qərara gələcəyik.

- Gələn il yarış qrafiki sıxdır. Dünya çempionatına qədər özünüzü zədələrdən qorumaq və rəqiblərdən gizlətmək üçün daha az yarışda iştirak etmək baradə fikirləşmirsiniz?

- Artıq özümü rəqiblərdən gizlədə bilmərəm (gülür). Dünya çempionu olandan sonra mənə qarşı xüsusi hazırlaşacaqlar. İdmançı yarış seçə bilməz. Rəhbərlik, məşqçilər korpusu hansı proqramı qarşımızda qoyacaqsa, ona da riayət edəcəyik. Məsələn, Rövşən Bayramov heç vaxt məşqçinin işinə müdaxilə etməzdi. Hansı yarışda desələr, orada da çıxış edəcəyəm.

- Gələn il Astanada keçiriləcək lisenziya xarakterli dünya çempionatında 60 kq-da əsas rəqibləriniz Sergey Yemelin (Rusiya), Oto Şinobu (Yaponiya) və Elmurad Taşmuradov (Özbəkistan) ola bilər. Başqa güclü rəqib gördüyünüz güləşçi var?

- Bu çəkidə rəqabət həddən artıq böyük olacaq. Çünki 55 və 63 kq-da çıxış edən güclü güləşçilər olimpiya kateqoriyası olduğundan 60 kq-a toplanacaq. Ota Budapeştdə gözlənilmədən medalsız qaldı. Mənə elə gəlir ki, xalça üzərində adlar güləşməyəcək. Macarıstanda neçə-neçə olimpiya və dünya çempionu uduzdu. Güləşdə rəqabət o qədər yüksəlib ki, istənilən idmançı uduza və ya qalib gələ bilər. Yarışa kim daha yaxşı hazırlaşacaqsa, o da qələbə qazanacaq. Qazaxıstan və Moldova idmançıları da bu çəkidə favoritlər sırasındadır.

- Eldəniz Əzizli pik formadadır, yoxsa bundan artığına da nail ola bilər?

- Əslində dünya çempionatına yaxşı hazırlaşa bilməmişdim. Belarusdakı turnirdən sonra qoluma gips qoyulmuşdu. Bundan başqa dizimdə zədə vardı. Komandadan ayrı məşq edirdim. Avropa çempionatına daha yaxşı hazırlaşmışdım. Sırf təcrübəm sayəsində dünya çempionu ola bildim.

- Özünüzdə nəyi təkmilləşdirmək istəyirsiniz?

- Baş məşqçi ilə bu barədə danışmışam. İndidən rəqiblər üzərində işləyir, onları təhlil edirik. Onlar mənə və mən onlara necə qalib gələrəm - bunları analiz edirik. Şəxsi məşqçim Vaqif Feyzullayevlə də bu istiqamətdə çalışırıq. Məncə, əsas zəif cəhətim parterdir. Parterdə müdafiəni gücləndirməliyəm. Hazırda güləşdə xal almaqdan daha çox xal verməmək əsasdır. Əsas mübarizə də parterdə gedir. Dünya çempionatında 5 görüşdən 4-nü parterdə başa vurdum. Müdafiənin üzərində çox işləmək lazımdır. Bir də sona kimi mübarizə aparmağı bacarmalıyıq.

- İslam dininin ehkamlarına ciddi riayət edən idmançısınız. Deməli, “ulduz xəstəliyi” anlayışı sizdən yan keçəcək...

- İslam təkəbbürlülüyü, özündən razılığı rədd edir. Bir də ki, əksər güləşçilər gənc yaşlarında Avropa, dünya çempionu olur. Mən isə bu uğura 27 yaşımda nail olmuşam. Artıq “ulduz xəstəliyi”nə tutulacaq yaş dövrünü geridə qoymuşam. Güləşin eniş-yoxuşunu görmüşəm. 2007-dən 2012-yə qədər hər il medal qazanmışam. Sonrakı 6-7 ildə medalsız qalmışam. Bu baxımdan hər hansı təkəbbürdən söhbət gedə bilməz.

- Beyləqan güləşinin ən parlaq simasısınız. Son uğurlarınızdan sonra doğma rayonunda güləşə marağın daha da artacağını düşünmək olarmı?

- Mən də belə fikirləşirəm. Bir neçə gündən sonra Beyləqanda Olimpiya Kompleksi açılacaq. Yəqin ki, bu da güləşin orada inkişafına təkan olar. Rayonumuzda güləş çox sevilir. Beyləqanda 2005-06 təvəllüdlü istedadlı güləşçilər var. Onlara dəstək olmağa çalışacağam. Çünki özüm də vaxtilə belə dəstək görmüşəm. Bu mənada Elçin Cəfərovun adını çəkə bilərəm. Məni Bakıya o gətirib.

- Hər ilin sonunda müxtəlif mətbu orqanlar, qeyri-hökumət təşkilatları, eləcə də Gənclər və İdman Nazirliyi ilin ən yaxşı idmançısını seçir. Əsas favorit sizsiniz. Bəs özünüzə kimi rəqib görürsünüz?

- Mənə bir çoxları bu barədə deyib. Fikrimcə, karateçi İrina Zaretska da ən yaxşı idmançı seçilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi