Eldəniz Əzizli: "Fərid Mansurovun nailiyyətini təkrarlamaq istəyirdim" - FOTO

Eldəniz Əzizli: "Fərid Mansurovun nailiyyətini təkrarlamaq istəyirdim" - FOTO Ötənilki qızıl medaldan sonra yenidən medalçı olmaq asan deyildi. Necə deyərlər: Zirvəyə qalmaq zirvəyə qalxmaqdan daha çətindir. Amma hər halda fəxr hissi ilə deyə bilərəm ki, ən azı Azərbaycan bayrağı arenada dalğalanacaq. Buna görə sevinirəm. Lakin azarkeşlərin etimadını tam doğultmadım. Növbəti yarışlarda daha yaxşı nəticələr qazanmaq üçün çalışacağıq.
Fərdi
15 Sentyabr , 2019 17:42
Eldəniz Əzizli: Fərid Mansurovun nailiyyətini təkrarlamaq istəyirdim - FOTO

"Ötənilki qızıl medaldan sonra yenidən medalçı olmaq asan deyildi. Necə deyərlər: Zirvəyə qalmaq zirvəyə qalxmaqdan daha çətindir. Amma hər halda fəxr hissi ilə deyə bilərəm ki, ən azı Azərbaycan bayrağı arenada dalğalanacaq. Buna görə sevinirəm. Lakin azarkeşlərin etimadını tam doğultmadım. Növbəti yarışlarda daha yaxşı nəticələr qazanmaq üçün çalışacağıq".

Bunu Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 55 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli "Report"un yarışa ezam olunmuş əməkdaşına müsahibəsində deyib. 27 yaşlı idmançı bildirib ki, qazaxıstanlı Xolan Jakanşa ilə yarımfinal qarşılaşmasında uduzaraq finala vəsiqə qazanmaması öz səhvindən olub: "Məşqçilər düzgün taktika vermişdilər. Amma mən tapşırığı düzgün yerinə yetirmədim. Uduzulası rəqib deyildi. Medalı məni sevənlərə həsr edirəm".

Qeyri-olimpiya çəkisində medalçı olan Əzizli 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya şanslarını da dəyərləndirib: "Olimpiya çəkiləri 60 kq-dan başlayır. Qərarı federasiya rəhbərliyi və məşqçilər heyəti verəcək. Seçim necə olacaqsa, onunla razılaşacağıq. Etimad göstərsələr, təbii ki, özümüzü sınayacağıq. Ən yaxşısını məşqçilər bilər. Məşqçilər heyəti istəsə, Azərbaycanı olimpiya çəkisində də təmsil etməyə tam hazırıq. Qarşıdan turnirlər gəlir, baxacağıq. Güləşdə lisenziya idmançıya yox, ölkəyə verilir. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı Kamran Məmmədov almışdı, amma Həsən Əliyev güləşdi. Bu hal güləşdə çox təkrarlanır. Ümidim var ki, lisenziyanı mən qazanım. Dünya və Avropa təsnifat turnirlərində iştirakım məşqçilərin seçimindən asılıdır. Layiq görsələr, güləşəcəyik".

Təcrübəli idmançı Nur-Sultandakı dünya çempionatına olimpiya çəkisində qatılmamasının səbəbini də açıqlayıb: "Dünya çempionatı ildə bir dəfə keçirilir. Əlbəttə, olimpiya çəkisində də çıxış etmək olardı. Lakin ikinci dəfə dünya çempionu olmaq şansını əldən qaçırmaq istəmirdim. Hazırda yunan-Roma güləşi növündə Azərbaycanda Fərid Mansurovdan başqa ikiqat dünya çempionu yoxdur. Onun uğurunu təkrarlamaq istəyirdim. Qismət belə alındı".

Qeyd edək ki, Eldəniz Əzizli bürünc medal görüşündə ABŞ təmsilçisi Maks Emiliano Nurini vaxtından əvvəl tam üstünlüklə məğlub edib - 8:0.

Son xəbərlər

Orphus sistemi