DÇ: Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medalla başa vuracaqları dəqiqləşib - YENİLƏNİB

DÇ: Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medalla başa vuracaqları dəqiqləşib - YENİLƏNİB Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizə aparıb.
Fərdi
21 Sentyabr , 2019 15:35
DÇ: Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medalla başa vuracaqları dəqiqləşib - YENİLƏNİB

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizə aparıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsinə təsadüf edib.

Əvvəlcə olimpiya çəkilərində Avropa mükafatçısı Aleksandr Qostiyev (86 kq), eləcə də Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov (97 kq) döşək üzərinə çıxıb.

Qostiyev təsnifat mərhələsində özbəkistanlı Javrail Şapiyevlə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şapiyev finaladək irəliləməyi bacarmadığından, Qostiyev bürünc medal uğrunda təsəlliverici görüşlərə və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə şanslarını itirib.

Şərifov isə cənubi koreyalı Minvon Seu üzərində 11:4 hesablı qələbə qazanaraq, 1/8 finala çıxıb. Növbəti mərhələdə o, ukraynalı Valeri Andreytsevi 4:0 hesabı ilə yenib. Titullu güləşçinin 1/4 finaldakı rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olub. Rəqibini 6:0 hesabı ilə yenən Şərifov yarımfinala və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Titullu güləşçi bununla da kifayətlənməyərək, adını finala yazdırıb. O, yarımfinalda ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Deyki də üstələməyi bacarıb - 5:2. Həlledici qarşılaşmada rəqib rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev olacaq.

Qeyri-olimpiya çəkilərində dünya çempionatının bürünc mükafatçısı Əhmədnəbi Qvarzatilov (61 kq) ilə ikiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Cəbrayıl Həsənov (79 kq) çıxış ediblər. Qvarzatilov 1/8 finalda kubalı son dünya çempionu Yovlis Bonne Rodrigesə qalib gəlib - 7:0. Lakin o, 1/4 finalda iranlı Behnam Eşaq Ehsanpura gərgin keçən görüşdə minimal fərqlə uduzub. Ehsanpur finaladək irəliləyə bilmədiyindən, Qvarzatilov mübarizəni dayandırmalı olub.

Həsənov isə əvvəlcə ukraynalı Dmitri Tkaçenkoni 5:0 hesabı ilə yenib. O, 1/4 finalda qazaxıstanlı Qalımjan Usserbayevi daha böyük fərqlə üstələyib - 13:4. Yarımfinalda Slovakiya təmsilçisi Taymuraz Salkazanova 4:3 hesabı ilə qalib gələn təcrübəli pəhləvan finalda ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq. Onlar ardıcıl ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş finalda Deyk qalib gəlmişdi.

Dünya çempionatı

21 sentyabr

61 kq

1/4 final. Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İran) - 12:13

1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba) - 7:0

79 kq

FİNAL. Cəbrayıl Həsənov - Kayl Deyk (ABŞ)

1/2 final. Cəbrayıl Həsənov - Taymuraz Salkazanov (Slovakiya) - 4:3

1/4 final. Cəbrayıl Həsənov - Qalımjan Usserbayev (Qazaxıstan) - 13:4

1/8 final. Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (Ukrayna) - 5:0

86 kq 

Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan) - 1:4

97 kq

FİNAL. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya)

1/2 final. Şərif Şərifov - Kayl Snayder (ABŞ) - 5:2

1/4 final. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan) - 6:0

1/8 final. Şərif Şərifov - Valeri Andreytsev (Ukrayna) - 4:0 

Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya) - 11:4

Beləliklə, Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medal və 2 lisenziya ilə başa vuracaqları məlum olub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Şərifov həm də "Tokio-2020"yə lisenziya qazanıb.


Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançının rəqibi ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Snayder olub.

İlk hissədən Snayder 1:0 hesablı üstünlüklə ayrılıb. İkinci hissədə Şərifov daha fəal güləşərək önə keçib. Bununla da azərbaycanlı Avropa, dünya və olimpiya çempionu finala adlayıb.

Həlledici qarşılaşmada rəqib rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev olacaq.


***15:09

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 4:3. Bununla da Həsənov ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Sentyabrın 22-də keçiriləcək həlledici qarşılaşmada onun rəqibi Kayl Deyk olacaq.

Qeyd edək ki, Cəbrayıl Həsənov 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş mundialı gümüş medalla başa vurmuşdu.

Həmin vaxt o, finalda məhz Kayl Deyklə qarşılaşmış və uduzmuşdu.


***13:25

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.

İlk hissəni 2:0 hesablı üstünlüklə tamamlayan Şərifov fasilədən sonra daha 4 xal alaraq, yarımfinala yüksəlib.

Finala gedən yolda onun rəqibi ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Snayder olacaq.


***13:02

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi qazaxıstanlı Qalımjan Usserbayev olub.

Görüş Həsənovun qələbəsi ilə yekunlaşıb - 13:4.

Onun yarımfinaldakı rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olacaq.


***12:53

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 61 kq çəki dərəcəsində yer alan Qvarzatilovun rəqibi iranlı ikiqat Asiya çempionu Behnam Eşaq Ehsanpur olub.

Gərgin keçən görüş Ehsanpurun qələbəsi ilə yekunlaşıb - 13:12.


***12:15

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun 1/8 finalda rəqibi ukraynalı Dmitri Tkaçenko olub.

Görüş Həsənovun qələbəsi ilə yekunlaşıb - 5:0.

Onun 1/4 finalda rəqibi qazaxıstanlı Qalımjan Usserbayev olacaq.


***11:46

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 61 kq çəki dərəcəsində yer alan Qvarzatilovun 1/8 final mərhələsində rəqibi kubalı Yovlis Bonne Rodriges olub.

Görüş Qvarzatilovun qələbəsi ilə yekunlaşıb - 7:0.

Onun 1/4 finaldakı rəqibi iranlı Behnam Eşaq Ehsanpur olacaq.


***11:25

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionunun rəqibi ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsev olub. İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.

Görüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 4:0.

Onun 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olacaq.


***09:55

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə cənubi koreyalı Minvon Seu ilə üz-üzə gəlib.

İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.

Olimpiya, dünya və Avropa çempionunun 1/8 finalda rəqibi ukraynalı Valeri Andreytsev olacaq.


***09:33

Azərbaycanın sərbəst güləşçisi Aleksandr Qostiyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə məğlubiyyətlə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Qostiyev təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə özbəkistanlı Cavrail Şapiyevə uduzub - 1:4.


***08:41

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsinə təsadüf edəcək.

Əvvəlcə olimpiya çəkilərində Avropa mükafatçısı Aleksandr Qostiyev (86 kq), eləcə də Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov (97 kq) döşək üzərinə çıxacaq. Qostiyev təsnifat mərhələsində özbəkistanlı Javrail Şapiyevlə, Şərifov cənubi koreyalı Minvon Seu ilə üz-üzə gələcək.

Qeyri-olimpiya çəkilərində isə dünya çempionatının bürünc mükafatçısı Əhmədnəbi Qvarzatilov (61 kq) ilə ikiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Cəbrayıl Həsənov (79 kq) çıxış edəcək. Qvarzatilov 1/8 finalda kubalı Yovlis Bonne Rodrigeslə, Həsənov isə Andrjey Pyotr Sokalski (Polşa) - Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

61 kq

1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba)

79 kq

1/8 final. Cəbrayıl Həsənov - Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi

86 kq

Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan)

97 kq

Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya)

Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi