Azərbaycan Boks Federasiyası: "Hakimlikdən kənarlaşdırılanlar arasında Rövşən Hüseynovun adı yoxdur"

Azərbaycan Boks Federasiyası: "Hakimlikdən kənarlaşdırılanlar arasında Rövşən Hüseynovun adı yoxdur" Nağı Səfərov: "Bəlkə bizim də bilmədiyimiz faktlar var"
Fərdi
7 Oktyabr , 2016 16:38
Azərbaycan Boks Federasiyası: Hakimlikdən kənarlaşdırılanlar arasında Rövşən Hüseynovun adı yoxdur

Bakı. 7 oktyabr. REPORT.AZ/ "2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı idarəçilikləri ilə əlaqədar diskvalifikasiyaya məruz qalan hakimlər arasında Rövşən Hüseynov yoxdur". Bunu "Report"a açıqlamasında Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov deyib.  

N.Səfərov Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) tərəfindən başlanılan araşdırmaların Azərbaycan təmsilçisi Rövşən Hüseynova da şamil olunacağına inanmadığını bildirib: "AİBA Rövşənə olimpiadanın son gününə qədər hakimlik etməyə icazə verdi. Qurum yalnız beşulduzlu hakimləri uzaqlaşdırıb. Bu araşdırma o demək deyil ki, həmin hakimlər bir daha görüşləri idarə etməyəcəklər. Sadəcə, onları araşdırma bitənə qədər uzaqlaşdırıblar. Rövşənin 3 ulduzu var. Araşdırma davam edir". 

Araşdırmaların azərbaycanlı hakimlərə təsiri məsələsinə gəlincə, ABF rəsmisinin fikrincə, hər şeyi aradırmaların yekunu göstərəcək: "Bəlkə bizim də bilmədiyimiz faktlar var. Heç nəyə zəmanət yoxdur. Ancaq bildiyimiz qədərilə bu işlərdə Rövşənin əli yoxdur. Xalların verilməsi elə bir məsələdir ki, AİBA-nın sistemində göstərmirlər. Döyüşlər zamanı 5 hakim oturur və onlardan 3-ü xal verir. Məsələn, Sotomayorun döyüşündə biz müraciət etdik. Rəsmi olmasa da, şifahi şəkildə bildirdilər ki, hakimlərdən ikisi Azərbaycana, biri qarşı tərəfə səs verib. Sadəcə, kompüterin səhvi olub. İndi nə dərəcədə düzgün olub-olmaması gizli saxlanılır. Sənədlər bizə göndərilməyib".

Qeyd edək ki, Lorenso Sotomayor "Rio-2016"da 64 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, finalda özbəkistanlı Fazliddin Qaibnəzərova uduzub - 1:2. 

Son xəbərlər

Orphus sistemi