Beynəlxalq Prezident Kubokunda Mirnazim Cavadov daha uğurlu nəticələr göstərib

Beynəlxalq Prezident Kubokunda Mirnazim Cavadov daha uğurlu nəticələr göstərib Bu reqata I Avropa Oyunları öncəsi test xarakteri daşıyıb
Fərdi
4 Aprel , 2015 19:51
Beynəlxalq Prezident Kubokunda Mirnazim Cavadov daha uğurlu nəticələr göstərib

Bakı. 4 aprel. REPORT.AZ/ Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası start götürüb. "Report" xəbər verir ki, bu reqata I Avropa Oyunları öncəsi test xarakteri daşıdığından, daha çox kayakçı və kanoeçilərin çıxışları diqqət mərkəzində olub.

Kayakçıların mübarizəsində Mirnazim Cavadov həm 1000 metr, həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə hamıdan güclü olub. O, 1000 metr məsafəni 3 dəqiqə 51 saniyəyə qət edərək, ən yaxın rəqibi Tamerlan Mustafayevi 5 saniyə geridə qoyub. 3-cü yeri 4 dəqiqə 1 saniyə nəticə ilə Aleksandr Piçugin tutub.

500 metr məsafəyə yürüşdə Cavadov 1,49 saniyə göstərici ilə finişə hamıdan tez çatıb. Mustafayev bu dəfə ondan 3 saniyə, Maksim Minin 7 saniyə geri qalıb.

Cavadov 200 metr məsafəni isə 36 saniyəyə qət edib. Bu dəfə o, gürcüstanlı Badri Kavelaşvilini 1 saniyə, Mustafayevi 2,61 saniyə geridə qoyub.

Kanoeçilərin 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşündə Taras Matviyçuk 4 dəqiqə 12 saniyə nəticə ilə qalib olub. Aleksey Kupin ondan 8 saniyə, Sergey Bezuqlıy isə 19 saniyə geri qalıb.

500 metr məsafəyə yürüşdə Kupin 1,53 saniyə nəticə ilə birinci olub. Bezuqlıy ondan 1 saniyə, Matviyçuk 2 saniyə geri qalıb.

200 metr məsafəyə yürüşdə isə Valentin Demyanenko finişə 41 saniyəyə çataraq qalib olub. Gürcüstanlı Zaza Nadiradze 42,58 saniyə nəticə ilə ikinci, Bezuqlıy isə 42,90 saniyə göstərici ilə üçüncü yeri tutub.

Nəhayət, akademik avarçəkənlərin 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşündə Aleksandr Aleksandrov 6,56 saniyəyə finişə çataraq, qalib olub. Boris Yotov ondan 3 saniyə, Cavid Əfəndiyev isə 9 saniyə geri qalıb.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə avarçəkənlərinin qatıldıqları Beynəlxalq Prezident Kuboku reqatasına aprelin 5-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi