Yuxarı

Beyləqan Olimpiya İdman Kompleksinin təməli qoyulub - FOTO

© Report

Beyləqan. 27 mart. REPORT.AZ/ Beyləqan rayonunda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən  A.Rəhimov bildirib ki, ölkə üzrə sayca 45-ci olan Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tutumu olan tribuna, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman zalı, güləş zalı, boks zalı, qrup məşqləri və trenajor zalı, 180 tamaşaçı tutumu olan tribunası və 24x12 olçüdə üzgüçülük hovuzu olan üzgüçülük zalı inşa ediləcək: “Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü Kompleksin təməli qoyuldu. Bu il Lənkəran Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti Olimpiya İdman Kompleksinin tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir”.

A.Rəhimov qeyd edib ki, Prezidenti İlham Əliyevin Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 23 mart 2018-ci il tarixli müvafiq sərəncamı ilə vəasit ayrılıb: "Kompleksin tikintisi məqsədilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisindən 2,61 hektar torpaq sahəsi ayrılıb. Bundan əlavə, Kompleksdə 18 standart, 2 VİP otaq olmaqla 40-50 nəfərlik mehmanxana, restoran, mətbəx, internet klubu, konfrans zalı, sauna, massaj otaqları, həkim otaqları, məşqçilər üçün otaqlar və inzibati otaqlar yerləşəcək. Hər bir idman zalı üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulub. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şərait yaradılacaq".

Məlumat üçün bildirək ki, Beyləqan Olimpiya İdman Kompleksinin hazırlanmış baş planına əsasən, ərazidə 1250 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası inşa ediləcək. Bundan başqa, Kompleksin enerji təchizatını təmin etmək üçün transformator yarımstansiyası, generator məntəqəsi, istilik qazanxanası və nasosxana binası, içməli və yanğına qarşı ehtiyat su anbarları tikiləcək. Həmçinin Kompleksin müasir tələblərə cavab verən kondisioner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcə də müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında" nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi