Yuxarı

BƏƏ-də keçirilən cüdo turnirində siyasi qalmaqal baş verib

Azərbaycan təmsilçisi üzərində qələbədən sonra İsrail himni səsləndirilməyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində siyasi qalmaqal baş verib.

"Report"un CNN-ə istinadən verdiyi məlumata görə, 66 kq çəki dərəcəsində final görüşündə Azərbaycan təmsilçisi Nicat Şıxəlizadə üzərində qələbə qazandığı görüşdən sonra Tal Flikkerin şərəfinə İsrail himni səsləndirilməyib. Yerli təşkilatçılar yarış vaxtı da İsrail bayrağından istifadəni qadağan ediblər. Nəticədə israilli cüdoçular Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış etməli olublar.

Baş verənlərlə əlaqədar İJF rəhbərliyi BƏƏ Cüdo Federasiyasının prezidenti Məhəmməd ibn Talıba məktub göndərərək, bütün nümayəndə heyətlərinə, o cümlədən, İsrail nümayəndələrinə eyni münasibət göstərilməsini tələb edib.

Qeyd edək ki, "Böyük Dəbilqə"də Azərbaycan cüdoçuları hələlik 1 gümüş, 1 bürünc medal qazanıblar. Finalda uduzan Nicat Şıxəlizadədən (66 kq) əlavə, Rüstəm Orucov (73 kq) da mükafatçılar sırasına düşüb. O, bürünc medala yiyələnib. Turnirə bu gün yekun vurulacaq.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi