Baş məşqçi Azərbaycan atıcılarının Avropa çempionatına hazırlaşa bilməmələrinə aydınlıq gətirib

Baş məşqçi Azərbaycan atıcılarının Avropa çempionatına hazırlaşa bilməmələrinə aydınlıq gətirib “Gülləmiz tükəndiyindən beynəlxalq turnirdə iştirak etməməyi qərara almışdıq”
Fərdi
31 İyul , 2017 14:48
Baş məşqçi Azərbaycan atıcılarının Avropa çempionatına hazırlaşa bilməmələrinə aydınlıq gətirib
Report.az

Bakı. 31 iyul. REPORT.AZ/ “Güllələri Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atıcılıq Federasiyasının vəsaiti hesabına özümüz ölkə xaricindən alıb gətirsək də, müəyyən limit var. Hər idmançıya 5 kq-dan çox olmaz. Bu da cəmi 1100 güllə deməkdir və bir həftəlik məşqə kifayət edir. Azərbaycan müharibə ölkəsi olduğundan bizə silah embarqosu tətbiq olunur”. 

Bunu “Report”a açıqlamasında güllə atıcılığı üzrə yığmanın baş məşqçisi İradə Aşumova Azərbaycan idmançılarının güllə azlığı ilə əlaqədar Bakıda keçirilən Avropa çempionatına hazırlaşa bilməmələrinə aydınlıq gətirərkən deyib.

2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, hər bir idmançıya ilə ərzində 30 min güllə lazımdır: “Ruslan Lunyov hər yarışa gedəndə özü ilə 500-600 güllə gətirir, bu da gülməlidir. Bu elə idman növüdür ki, idmançı 4 saniyəyə 5 güllə atmalıdır. Bir atıcıya il ərzində 30 min güllə tələb olunur. Hazırda isə güllələr tükənib. Bütün resurslarımızı İslamiadaya hazırlığa sərf etmişik. İllik büdcə limiti dolduğundan ölkə xaricində hazırlıq keçmək də mümkün deyil”.

İ.Aşumova hazırlıq keçmədiklərinə görə Avropa çempionatına qatılmaq istəmədiklərini, lakin yarış Azərbaycanda təşkil olunduğundan buna məcbur qaldıqlarını deyib: “Bu il bizim üçün çox uğurlu başladı. Ruslan Lunyov fevral ayında Hindistanın paytaxtı Dehlidə keçirilən Dünya Kubokunda bürünc medal qazandı. Müstəqillik dönəmindən bəri bu cür nailiyyət əldə edən olmamışdı. Martda Sloveniyanın Maribor şəhərində təşkil olunan Avropa çempionatında Ruslanla Nigar Nəsirova bürünc medal əldə etdilər. Bütün fikrimizi Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yönəltmişdik. Yarışın startına 15 gün qalmış Ruslanla məşqçisi təlim-məşq toplanışı üçün Almaniyanın Hannover şəhərinə yollandılar. Çünki bizdə yivli güllələrlə bağlı problem var. Nəticədə İslamiadada 5 qızıl medal qazandıq. Lakin ondan sonra gülləmiz tükəndiyindən Avropa çempionatında iştirak etməməyi qərara almışdıq. Lakin qatılmağa məcbur olduq. Bildirdilər ki, yarış Bakıda keçirildiyindən mütləq iştirak etməliyik. İndiki nəticələri də özünüz görürsünüz. Hələlik heç bir idmançımız medal qazanmayıb”.

Qeyd edək ki, İradə Aşumovanın oğlu, IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq üzrə 5 qızıl medal qazanan Ruslan Lunyov Avropa çempionatında uğursuz çıxışını güllə azlığına görə məşq edə bilməməsi ilə əlaqələndirib.

İyulun 21-də start götürən Avropa çempionatında mübarizə aparan Azərbaycan atıcılarından heç biri medal qazana bilməyib. Yarışa avqustun 4-də yekun vurulacaq.  

Son xəbərlər

Orphus sistemi