​BANM-də "Formula-1" yarışları haqqında təqdimat keçirilib

​BANM-də "Formula-1" yarışları haqqında təqdimat keçirilib “Bakı Avropa Qran Prisi” yarışları haqqında videoçarxlar nümayiş etdirilib
Fərdi
13 May , 2016 12:03
​BANM-də Formula-1 yarışları haqqında təqdimat keçirilib

Bakı. 13 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Prezident yanında Bilik Fondu və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ali Məktəbin tələbələri üçün Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" adı altında "Formula-1" yarışları haqqında təqdimat keçirilib.

Bu barədə "Report"a BANM-dən məlumat verilib. 

BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkənin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib.

Tədbirdə Bilik Fondunun Beynəlxalq Layihələr sektorunun müdiri Riyad Məmmədzadə, Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova və "Formula-1" yarışlarının Bakı Fan Klubunun rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev iştirak ediblər.

"Formula-1" yarışlarının Bakı Fan Klubunun rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev Azərbaycanda “Bakı Avropa Qran Prisi” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula 1” yarışları haqqında ətraflı məlumat verib. O, 21 ölkənin ev sahibliyi etdiyi “Formula 1” yarışları içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcəyini deyib. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək və paytaxtın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edərək, televiziya izləyiciləri üçün gözəl mənzərə açacağını bildirib. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində “Formula 1” fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.

Sonra “Bakı Avropa Qran Prisi” (Formula-1) yarışları haqqında videoçarxlar nümayiş etdirilib. 

Yekunda Rəhim Əliyev tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 17-19 iyun tarixlərində Azərbaycan "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) yarışlarına ev sahibliyi edəcək. 

Son xəbərlər

Orphus sistemi