Yuxarı

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı açıq elan edilib

​Bakıdakıdünya çempionatı açıq elan edildi

Bakıda bədii gimnastika üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının səhnəyə gətirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər.

“Nağıllar gerçəkləşək” (“Fairy Tales will come to life”) şüarı altında təşkil edilən mundialın təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə səyahətə aparacaq bir şou təqdim ediblər.

Açılışda Azərbaycanın xalq artisti Emin Ağalarov da öz sevilən nəğmələrini oxuyub. Konsert proqramı davam etməkdədir.

Qeyd edək ki, sentyabrın 22-dək davam edəcək yarışda 61 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq. Sayca, 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən, 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.

Azərbaycan millisini dünya çempionatına 9 gimnast təmsil edəcək. Fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan, Veronika Hudis və Məryəm Səfərova qüvvəsini sınayacaq. Qrup hərəkətlərində isə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova mübarizə aparacaqlar.

Yarışın biletlərini Milli Gimnastika Arenasının kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn (https://ticketing.mga.az/) almaq mümkündür. Qiymətlər isə 10, 15 və 20 manat təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi