Bakıda keçiriləcək WBC Konvensiyasına 164 ölkə qatılacaq

Bakıda keçiriləcək WBC Konvensiyasına 164 ölkə qatılacaq Məşhur boksçuların kimsəsizlər və uşaq evlərinə də getməsi proqrama daxildir
Fərdi
28 Sentyabr , 2017 15:03
Bakıda keçiriləcək WBC Konvensiyasına 164 ölkə qatılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyasında 164 üzv ölkə təmsil olunacaq. 

"Report"un məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyində təşkil olunmuş brifinqdə açıqlama verilib. 

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonağın qatılacağı konqres oktyabrın 2-də işə başlayacaq. O, Azərbaycana Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin, Srisaket Sor Runqvisay və digər tanınmış boksçuların gələcəyini açıqlayıb. 

WBC-nin prezidenti Maurusio Süleymanın da qatılacağı və hesabat xarakterli çıxışının nəzərdə tutulduğu dörd günlük Şuranın iclasının ilk günündə Reytinq komitəsinin və Hakimlər Şurasının qapalı iclasları baş tutacaq. Növbəti günlərdə Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsizlər və uşaq evlərinə də getməsi proqrama daxildir.

Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks Federasiyası, Asiya Boks Şurasının görüşləri də baş tutacaq.

Qeyd edək ki, WBC 1963-cü ildə 11 milli boks təşkilatı - Argentina, Braziliya, Böyük Britaniya, Venesuela, Meksika, Panama, Peru, ABŞ, Filippin, Fransa və Çili tərəfindən yaradılıb.

Məhəmməd Əli, Mayk Tayson, Nasim Hamed, Larri Holms, Lennoks Lüis, Gennadi Qolovkin, Roy Cons kiçik, Floyd Meyvezer kiçik, Roberto Duran, Xulio Sezar Çaves, Konstantin Tzyu və digər dünya şöhrətli peşəkar boksçular WBC kateqoriyası üzrə çempion adını qazanıblar.

Son xəbərlər

Orphus sistemi