Yuxarı

Bakıda keçiriləcək Olimpiya Festivalının iştirakçıları yataqxanalarda qalacaqlar

Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti məlumat verib

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda 2019-cu ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının (EYOF) iştirakçıları yataqxanalarda qalacaqlar. 

"Report"un məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

O, hər bir ölkədə festival keçirilən zaman idmançıların yataqxana tipli məkanlarda yerləşdirildiyini deyib: "Onlar 16-18 yaşlı idmançılardır. Bizim 2019-cu ildə başqa imkanlarımız olacaq ki, həmin idmançıları rahat şəkildə yerləşdirək".

Ç.Hüseynzadə dövlət planına əsasən, 2019-cu ilə qədər ali məktəblər üçün yataqxanaların tikiləcəyini, festival iştirakçılarının da ya bu yataqxanalarda, ya da hansısa düşərgələrdə yerləşdirilə biləcəyini söyləyib: "Yanvarın 26-da İsveçrədə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada EYOF-un Bakıda təşkilinə dair müqavilə imzalanacaq. Bundan sonra Təşkilat Komitəsi yaranacaq və o zaman idmançıları harada yerləşdiriləcəyimizi düşünəcəyik. Hazırkı Atletlər kəndi çox yüksək səviyyədədir və o yeniyetmələr üçün deyil". 

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları zamanı ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində qalıb. Həmçinin bu il baş tutacaq IV İslam Həmrəyliyi Oyunları zamanı da nümayəndə heyətləri həmin məkanda məskunlaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi