Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün 10 min könüllü müraciət edib

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün 10 min könüllü müraciət edib "Bugünədək 50 minə yaxın gənc könüllü müxtəlif tədbirlər üçün qeydiyyatdan keçib"
Fərdi
5 Dekabr , 2016 19:26
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün 10 min könüllü müraciət edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda 2017-ci ilin mayında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Könüllülər Mərkəzi fəaliyyətə başlayıb. 

"Report"un məlumatına görə, Mərkəz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərir.

Burada Oyunlarda könüllü kimi fəaliyyət göstərmək istəyənlərin seçimləri həyata keçirilir. Fevralın sonunadək davam edəcək seçimlərdən sonra 8 000 könüllü IV İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək. Hazırda qeydiyyatdan keçən 10 000 könüllüdən 3 000-i artıq müsahibə mərhələsindən keçib.

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru və Bakı-2017 Könüllülərinin səfiri Elçin Səfərov mərkəzə gələrək müsahibələrin gedişi ilə tanış olub.

E.Səfərov yaxın günlərdə qeydiyyat prosesini dayandırmaq istədiklərini bildirib: "Gənclərimiz hələ də qeydiyyatdan keçməyə davam edir. Yaxın günlərdə qeydiyyatı başa çatdırmaq istəyirik. Lazım olandan daha artıq könüllü müraciət edib. Bunu bayram etməyə haqqımız var. Çünki Azərbaycanda bugünədək 50 minə yaxın gənc könüllü müxtəlif tədbirlər üçün qeydiyyatdan keçib. Bu da sevindirici haldır. Könüllülüyün universiteti, təhsil ocağı yoxdur. Bunun üçün mütləq kütlənin içərisinə gəlmək lazımdır. Bu beynəlxalq təcrübədir və gələcək iş yerləri üçün şansdır".

Könüllülər Mərkəzində İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramı çərçivəsində könüllülərin ingilis dilində rahat şəkildə ünsiyyət qurması üçün pulsuz ingilis dili kurlası fəaliyyət göstərir. Kurs üçün qeydiyyatdan keçən 717 nəfərdən 160-ı dərslərdə iştirak edir.

Qeyd edək ki, "Bakı- 2017" Könüllülük Proqramına bu il oktyabrın 17-dən start verilib. Gələn il mayın 1-dək 16 yaşı tamam olacaq bütün namizədlərin Könüllülük Proqramına qoşulmaq hüququ var.

Son xəbərlər

Orphus sistemi