IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB-6

IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB-6 Azərbaycan Prezidenti IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib
Fərdi
13 May , 2017 00:16
IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB-6

Bakı. 13 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi başa çatıb.

"Report"un məlumatına görə, açılış mərasiminin davamında sülh və ümid haqqında universal hekayət təqdim edilib və İslam sivilizasiyasının böyük töhfələri qeyd olunub. Videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış kiçik qız və onun çərpələngindən bəhs edilib. Videoçarxda Mina adlı kiçik bakılı qızın babası ilə Filarmoniya bağında oynadığı göstərilib. Babası onun çərpələnginin quyruğuna dördüncü zolağı əlavə edərək, onu tamamlayıb. O, gözəl parkı gəzəcək, hər kəsə, onun ətrafında olanlara təbəssüm və nur bəxş edib. Babası izah edib ki, gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə, öz keçmişimizi qavramalıyıq. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edib. Mina möcüzəli qaydada öz çərpələngində Bakıdan uzaqlara uçub, Qobustanda çoxəsrlik tarixi olan qayaüstü rəsmləri öyrənmək üçün qədim Azərbaycan diyarını gəzib dolaşıb. Gözoxşayan mənzərəli yerlərin üzərindən ucan, Atəşgah məbədi və Yanardağda alovlanan əbədi odu seyr edən Mina çoxsaylı çalarları ilə seçilən əfsanəvi quş – simurqu görmək üçün əfsanələr dünyasına qədəm qoyub və simurq cücəsinin yumurtadan çıxmasına kömək edib. Mina ona minnətdar olan simurqun hədiyyəsini, gözəl lələyini özü ilə götürü. Balaca Mina təhlükə gördükdə simurqun lələyini yandırıb və o, bir göz qırpımında yeni möcüzəli dostlarını ətrafına toplayıb. Burada iyirmi səhnə iştirakçısı odla oynayaraq çıxış edib və buta fiqurlarını formalaşdırmaq üçün iki su hovuzunda alov cərgəsi yaradılıb.

Qobustanın qayaüstü rəsmləri ekranda göstərildiyi zaman Mina spiral strukturlardan asılan, ipək zolaqları ilə dövr edən digər dörd səhnə ustası ilə havaya qalxıb. Alim Qasımov minarənin zirvəsində azan oxuyub. Mina Heydər Məscidinə yollanıb. Əllərində fənər tutan yüzlərlə insan ona qoşulub. Hərəkət edən fənərlər sayəsində gözəl şəkildə işıqlandırılmış bəzəklər formalaşıb. Gündəlik həyatın bir hissəsi olan ənənələrinə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film ekranda nümayiş olunub. Çəkilişlər Azərbaycan, Avstraliya və Filippində aparılıb.

Sonra yeni macəra başlayıb. Mina keçmiş zamana yollanıb və dünyanı gəzib dolaşaraq, qorxmaz səyyahlarla üzbəüz görüşüb, yaraşıqlı günbəzlərə baxıb, dahi şairləri görüb, planetimizdən kənar kainatı seyr edib və ilk mexaniki cihazlarla tanış olub. Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat, astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin əldə etdiyi möhtəşəm uğurları ilə yadda qalan İslamın Qızıl Dövrünün xəzinələri sırasındadır. Mərasimin bu hissəsində 40-dan artıq heyvandan – atlar, dəvələr və ulaqlardan istifadə olunub. Mərasimdə istifadə məqsədilə həmin heyvanlar üç ay ərzində təlimlərdən keçib və stadionda onlar üçün xüsusi olaraq qurulmuş tövlələrdə saxlanılıb. İslam dünyasının səyyahları Asiya, Şimali Afrika, Avropa və Orta Şərqin geniş coğrafiyasını əhatə edən ticari yollar şəbəkəsi ilə yayılan ticarət, mədəniyyət və bilik axını məskəni olmuş izdihamlı karvansaralarda görüşüblər. Minanın səyahəti məhz buradan başlayır. 70-dən artıq iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, qartal və şahin fiqurlarından ibarət səhnə göz qarşısında canlanıb. Mina ağ atın belində səhnəyə daxil olub. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdırıb və sonra atlar paralel olaraq yan-yana keçiblər. Öz çərpələngini daşıyan Mina karvansaralarda tacir və səyyahlarla söhbət edib. O, Azərbaycan xalçalarını və musiqi alətlərini seyr etmək üçün onların qarşısında dayanıb. Öz etibarlı dostunun üzərində əyləşərək səmada uçan Minanın öyrənəcəyi çox şey var. Səhnədə nümayiş etdirilən böyük ölçülü kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlaməti olaraq göstərilib. Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş sisteminin böyük modeli yaradılıb. İri çarxlar Ayın fazalarını nümayiş etdirib. Çünki Qızıl Dövrün alim və elm adamları bildiriblər ki, Ayın fazaları, yəni, Ayın bir hissəsinin işıqlı olması, Ay Yer kürəsinin ətrafında dövr etdiyinə görə dəyişir və Ayın dövr etməsi Yer kürəsinin cazibə qüvvəsi ilə bağlıdır. İslam təqvimi Ayın dövr etməsinə əsaslanır. Səhnəyə çıxarılan velosiped kvadrantdan xəbər verir. Çarxlar burada Qızıl Dövrün mexaniki ixtiralarına və turbin texnologiyasına işarə olaraq göstərilib. Fil saatı iki səhnə iştirakçısı tərəfindən gətirilib və bütün hərəkətlər bir anlıq dayanıb. Uçan çərpələngində əyləşmiş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atıb və fil saatı işə düşüb. İlan aşağı əyilərək, mexanizmi hərəkətə gətirəcək və “Bilik” mərasimi bununla bitib.

Birdən birə qopan fırtına səhnədəki hər şeyi süpürüb aparıb. Mina öz yolundan azıb və o, səyahəti zamanı ilk dəfə qorxmağa başlayıb. Lakin simurqun lələyi Minanın köməyinə gəlir və onun dostları ildırım surəti ilə aşağı enərək, qızın imdadına yetişirlər. Mina fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz səmaya qalxaraq, ulduzlara çatır. Simurq qanad çaldıqca, qızılı toz parlamağa başlayır. Sonda o, ulduzlu səmaya qalxaraq yoxa çıxır. Mina çərpələng ilə rəqs edir. Mina öz çərpələngində Bakı üzərindən uçaraq, öz doğma şəhərinin yeni simasını görür. Oynadığı gözəl şəhər parklarından başqa, Mina bir çox digər tarixi və yeni möhtəşəm binalara baxıb. Şəhərin mərkəzində yerləşən, qürur doğuran tarixi saraylar və qüllələr, eləcə də bu günlərin memarlıq şah əsərləri olan mədəniyyət və ticarət məkanları, iftixar mənbəyi olan idman və əyləncə yerləri, müasir istehsal və tədris müəssisələri onun gözləri qarşısından keçib. Tanışlığa Xəzər dənizinin sahilində yerləşən Xalça Muzeyi ilə başlanır. Ağ geyimdə səhnə ustası Heydər Əliyev Mərkəzinin hamarkonturlarını canlandırıb. Şəhərdəki ondan artıq gözəl memarlıq nümunəsini gördükdən sonra görüntülər Bakı Olimpiya Stadionu ilə başa çatıb. Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçub. Yüz minlərlə kiçik altıbucaq çərpələng auditoriya üzərində dalğalanıb. Yerdə və havada “yanar çarx” fişəngi alovlanıb və fırlanacaq, stadion üzərində gecə səmasında atəşfəşanlıq başlayıb.

Hekayət başladığı məkana – sakit Filarmoniya bağına qayıdıb. Mina ürəkdolusu sevinclə babası ilə görüşüb. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən bu qız öz bələdçi dostunu – çərpələngini yeni səyahətə yollayır ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxıb və səmaya uçub. Mərasim stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitib.

Qeyd edək ki, Oyunların rəsmi bağlanış mərasimi mayın 22-də keçiriləcək.

*** saat 23:29

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunun damında atəşfəşanlıq başlayıb və “Bakı-2017” yazısını formalaşdıraraq gecə səmasına işıq saçıb. Mis su qabını əlində saxlayan qadın səhnəyə qapıdan daxil olub. O, Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanımdır. Atletlərin paradı zamanı 56 digər su daşıyıcısı ona qoşulub. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil ediblər. Qadınlar suyu siniyə töküblər və nəticədə gözəl fəvvarə alınıb İslam aləmi bununla rəmzi olaraq birləşib.

*** saat 23:09

Bakı. 12 may. REPORT.AZ/ Bütün idmançılar və hakimlər adından and içilib.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. “Report”un xəbərinə görə, İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb.

Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi D. Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər.

*** saat 22:56

Bakı. 12 may. REPORT.AZ/ "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında 54 iştirakçı ölkənin rəsmi keçidi başa çatıb. "Report"un məlumatına görə, ev sahibi - Azərbaycan nümayəndə heyətinin bayraqdarı karate üzrə 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev olub.

Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. Bu qrup parad bağlanan ana qədər ifa edib.

*** saat 22:20

Bakı. 12 may. REPORT.AZ/ İslamiadanın iştirakçı ölkələrinin nümayəndələri öz ölkələrinin bayraqları ilə zala daxil olmağa başlayıb.

*** saat 22:11

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanın Dövlət bayrağı hərbçilər tərəfindən açılış mərasiminin keçirildiyi zala gətirilib. Daha sonra Azərbaycanın Dövlət himini səsləndirilib və Dövlət bayrağı qaldırılıb.

*** saat 21:58

Bakı. 12 may. REPORT.AZ/ “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi başlayıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda start götürən tədbirdə Prezident İlham Əliyev, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, dövlət rəsmiləri, müxtəlif beynəlxalq federasiyaların rəhbərləri, habelə idman ictimaiyyətinin nümayəndələri qatılıb.

Qeyd edək ki, mayın 22-dək davam edəcək IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkənin 3000-dək idmançısı 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışların proqramına bəzi yeni idman növləri də daxil edilib. Bunlar güləş, cüdo, paracüdo, paraatletika, boks, zorxana, atıcılıq, bədii və idman gimnastikasıdır. Komanda idman növlərindən 3X3 basketbol, su polosu, voleybol, həndbol və futbola yer verilib. Həmçinin, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, atletika, taekvondo, ağırlıqqaldırma, karate və uşu üzrə yarışlar baş tutacaq.

Yarışlar 17 məkanda Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Mərkəzi, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, AZAL Arena, Dalğa Arena, Tofiq Bəhramov adına Respublika stadionu, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı 1, Bakı Kristal Zalı 2, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında keçirilir.

Oyunların maskotları - İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər.

İslamiadanın açılışı mayın 12-nə təyin olunsa da, artıq futbol, həndbol və voleybol yarışlarına start verilib. Bu da Oyunların təqviminin qısa olması ilə əlaqədardır.

Azərbaycan “Bakı 2017”yə ən böyük heyətlə - 500 nəfərlə qatılıb. Onlardan 345-i idmançıdır. İkinci ən geniş heyət isə Türkiyəyə məxsusdur. Qonşu ölkə yarışlarda 339 idmançı ilə təmsil olunacaq.

İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.

Azərbaycan idmançıları ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. Üçüncü dəfə təşkil olunan Oyunlarda isə 6 qızıl, 9 gümüş və 9 bürünc medal əldə olunub.

Son xəbərlər

Orphus sistemi