Yuxarı

Bakıda anti-dopinq seminarı keçirilib

Bakı. 26 may. REPORT.AZ/ Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə növbəti anti-dopinq seminarı keçirilib.

"Report"un məlumatına görə, yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinin gedişatında baş tutan tədbirdə dinləyici qismində federasiya rəsmiləri, müxtəlif yaşlı idmançılar, klub və idman cəmiyyətlərini təmsil edən ixtisaslı mütəxəssislər, hakimlər və digər şəxslər iştirak ediblər.

Əvvəlcə AAAF-ın baş katibi Rizvan Rəsulov çıxış edib. O, dopinqlə mübarizənin vacibliyini vurğulayıb, həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Rəsulov IWF-in Anti-Dopinq Qaydalarına əlavələrinin 15 aprel 2018-ci il tarixindən qüvvəyə mindiyini bildirib və həmin əlavələr haqda geniş məlumat verib. Baş katib məkan məlumatlarının və milli federasiyalara sanksiyaların tətbiqi, milli federasiyaların IWF-in anti-dopinq qaydalarına inteqrasiyası və öhdəlikləri barədə danışıb.

Daha sonra AMADA təmsilçiləri Lalə Hacıyeva və Terapevtik İstifadəyə İcazə Komitəsinin sədr müavini Dr. Fərid Əliyev bir çox məqamlar barədə danışıblar. Onlar idman və idmançı ruhu, ədalətli mübarizə üçün qaydaların və onlara riayət olunmasının vacibliyi, pozuntu növləri və tətbiq ediləcək sanksiyalar, hər zaman qadağan edilmiş maddələr, qadağan edilmiş üsullar, qida əlavələri və başqa mövzular haqqında məlumat veriblər.

Bununla yanaşı, seminar iştirakçılarına Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) barədə də informasiyalar çatdırılıb.

İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Sonda seminar iştirakçılarına maarifləndirici buklet və kitabçalar paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi