Yuxarı

Bakı Olimpiya Stadionunda WFCA-48 beynəlxalq turniri üçün mətbuat konfransı keçirilib

Bakı. 2 may. REPORT.AZ/ Mayın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək WFCA-48 beynəlxalq turniri üçün mətbuat konfransı təşkil olunub.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev, Rusiyanın "Akhmat" klubunun vitse-prezidenti İslam Datsayev və idmançıları iştirak ediblər.

Yarış ərəfəsində 14 kq çəki salan T.Musayev bildirib ki, yarışa yaxşı hazırlaşıb: "Hazırlığım normaldır. Çəki salmaq ən çətin prosesdir. Hər şeyin yaxşı olacağını düşünürəm. Öz vətənimdə vuruşmaq ikiqat məsuliyyətdir. Güclü olan qalib gəlsin. Rəqibim Maarif Pirayevlə təlim-məşq toplanışlarından tanışıq. Amma idmanda qardaş qardaşla da vuruşur. Rəqibin zəif nöqtələrindən danışmaq istəmirəm. Öz döyüş planım var. Ona uyğun da döyüşəcəyəm".

İ.Datsayev yüksək səviyyəli təşkilatçılığa görə Bakı Olimpiya Stadionunun və "Olimpiya" klubunun rəhbərliyinə minnətdarlığını bildirib: "Heç kimə nakout arzulamıram - nə döyüşdə, nə də həyatda. Gözəl, baxımlı döyüşlərin olacağına inanıram".

"Akhmat" klubunun nümayəndəsi Aslanbek Badoyev də Azərbaycanda bu cür döyüş gecəsindən məmnunluğunu ifadə edib: "Buradakı qaliblər çempion kəməri uğrunda döyüşmək şansı əldə edəcəklər. Bu cür döyüşlər təşkil etmək üçün mütləq azarkeş toplamağı bacaran yerli qəhrəmanlar olmalıdır. Azərbaycanda Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev, Aqşin Məmmədov kimi peşəkarların simasında həmin qəhrəmanlar var. Bizə təklif gəldi, razılaşdıq. Burada gördüklərimizdən məmnunuq. Bakı Olimpiya Stadionunun rəhbərliyinə təşəkkür edirəm. Öhdəliklərini çox gözəl yerinə yetirdilər".

"Akhmat" klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli rus döyüşçülərindən biri olan Məhəmmədrəsul "Frodo" Hasbulayev turnirin super-döyüşündə Salman Jamaldayev ilə görüşəcək.

Hasbulayev titul üçün döyüşmək imkanının hər zaman olmadığını söyləyib. Titulun sahibi Jamaldayev isə bildirib ki, onu qazanmaq qorumaqdan çətindir.

Yarışın təşkilatı işləri ilə məşğul olan Rüstəm Adilov stadionun döyüşə tam hazır olduğunu diqqətə çatdırıb. O, kassalarda cəmi 150 biletin qaldığını deyib.

Qeyd edək ki, mayın 4-ü saat 19:00-da başlayacaq turnirin təşkilatçıları "Olimpiya" və "Akhmat" döyüş klubları, eləcə də Bakı Olimpiya Stadionudur. Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək. Turnir Azərbaycanda bir ilk olacaq və tamaşaçıların rəğbətini qazanaraq bir ənənənin başlanğıcı olacağına inanılır.

Rinq Bakı Olimpiya Stadionunun əsas meydançasında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcək.

Biletlərin satışı online olaraq iticket.az saytına, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin ASAN mərkəzlərində mövcuddur; qiymətlər 5, 10 və 20 manat arasında dəyişir.

Turnirdə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz bacarıqların göstərəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi